Rusiyada yeni səfərbərlik elan ediləcəyi ilə bağlı gözləntilər ölkə vətəndaşları arasında narahatlıq yaradıb. Müharibəyə getmək istəməyən bəzi şəxslərin banklardakı pullarını çıxararaq Gürcüstan sərhədi vasitəsilə ölkəni tərk etdiyi bildirilir. Rusların ən çox üstünlük verdiyi ölkələrdən olan Türkiyəyə daha bir miqrasiya dalğasının baş verə biləcəyi bildirilir. İddiaya görə, son 24 saat ərzində 20 min nəfər Rusiyadan Gürcüstana keçib.
Yaranmış vəziyyətə görə Rusiyada yaşayan yüz minlərlə azərbaycanlının ölkəyə qayıtması mümkündür?
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Rusiyada səfərbərlik və ya müharibənin genişlənməsi ilə bağlı real təhlükə halında Azərbaycana da müəyyən miqrasiya axını ola bilər:
“Bunun əsas səbəbi Rusiyada böyük azərbaycanlı icmasının mövcudluğu, təxminən 2.5 milyon azərbaycanlının yaşaması ilə bağlıdır. Rusiyada baş verə biləcək kəskin siyasi və hərbi dəyişiklik onların bir hissəsini Azərbaycana qayıtmağa sövq edə bilər.
Mümkün yeni səfərbərlik ilk mərhələdə daha çox hərbi xidmət yaşında olan kişilər, Rusiya vətəndaşlığı olmayan və ya hüquqi statusu qeyri-müəyyən şəxslər arasında seçici köç yarada bilər. Artıq miqrasiya qanunvericiliyinin sərtləşməsi və yeni nəzarət rejimləri səbəbindən minlərlə Azərbaycan vətəndaşı Rusiyanı tərk edib”.
Ekspert deyib ki, ölkəmizə belə axının həm müsbət, həm də mənfi tərəfləri ola bilər:
“Qayıdanların arasında sahibkarlar, mütəxəssislər və maliyyə resurslarına malik insanlar varsa, bu, ölkəyə kapital və insan resurslarının daxil olmasını sürətləndirə bilər. Digər tərəfdən, qısa müddətdə böyük sayda insanın qayıtması əmək bazarı, mənzil, sosial xidmətlər və məşğulluq baxımından əlavə təzyiq yarada bilər.
Düşünürəm ki, Rusiyada yeni səfərbərlik elan olunarsa, Azərbaycana miqrasiya dalğasının yaşanması realdır, amma onun avtomatik olaraq yüz minlərlə insanı əhatə edəcəyini söyləmək üçün əsas yoxdur. Dalğanın miqyasını əsasən səfərbərliyin əhatə dairəsi, Rusiyada azərbaycanlılara münasibət, sərhəd rejimi və müharibənin gedişi müəyyən edəcək”.


