Ukrayna hava hücumundan müdafiə sistemləri üçün, xüsusilə Patriot komplekslərinin PAC-2 və PAC-3 raketlərinin əldə olunması istiqamətində tərəfdaşlarla intensiv danışıqlar aparır.
Ukraynanın xarici işlər naziri Andrey Sibiga bildirib ki, Kiyev raket çatışmazlığını aradan qaldırmaq üçün müvafiq imkanlara malik ölkələrlə fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, proses olduqca mürəkkəbdir və Ukrayna “hər bir raket uğrunda mübarizə aparır”.
Sibiga qeyd edib ki, tərəfdaş ölkələr Ukraynanın ehtiyaclarını eşidir və danışıqlarda müəyyən irəliləyiş var. Nazir xüsusilə qarşıdan gələn qış dövründə ölkənin hava məkanının qorunması üçün əlavə raketlərin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, Ukraynaya qışı keçirmək üçün ən azı 300 ədəd Patriot raketi lazımdır. Kiyev bu ehtiyacla bağlı hesablamaları tərəfdaş ölkələrə təqdim edib.
Sibiga əlavə edib ki, Ukrayna üçün hava hücumundan müdafiənin gücləndirilməsi təkcə milli təhlükəsizlik məsələsi deyil. Onun fikrincə, Ukraynanın müdafiəsi Avropanın ümumi təhlükəsizliyinin qorunması ilə birbaşa bağlıdır.
“Biz irəliləyirik, tərəfdaşlarımız bizi eşidir. Buna görə də işi dayandırmırıq”, – Sibiga bildirib.
//Samir Qurbanov, Editor.az

