Artıq məlum olduğu kimi, ABŞ administrasiyası İrana qarşı iqtisadi müharibəyə başlayıb. Bu barədə xəbərdarlığı prezident Donald Tramp özünə məxsis Truth Social hesabında yayıb.
Musavat.com xəbər verir ki, Tramp təşkilatları İranı dəstəkləyən ölkələrin ABŞ-dan ağır iqtisadi nəticələrlə üzləşəcəklərini bildirib:
“Bu gün mən həmçinin maliyyə qurumlarına, müəssisələrinə, hava limanlarına və ya dövlət qurumlarına İrana hər hansı bir dəstək verməyə icazə verən hər hansı bir ölkənin ağır iqtisadi nəticələrlə üzləşəcəyini elan edirəm”.

Qeyd edək ki, ötən həftə ABŞ-ın maliyyə naziri Skott Bessent İrana qarşı kəskin sanksiya və iqtisadi məhdudiyyətlərin olacağını anons edərək, bu həftəni gözləməyi məsləhət görmüşdü.
Hələlik ABŞ-ın mövcud sanksiyalardan əlavə hansı tədbirlərə əl atacağı dəqiqləşməyib. Lakin bir çox İran rəsmiləri uzun illər boyu ABŞ sanksiyalarına öyrəşdiklərini, hər zaman çıxış yolu tapdıqlarını deyirlər. Halbuki bu dəfə reallıq onların dediklərindən kəskin fərqlənir. Belə ki, İrana qarşı iqtisadi sanksiyaları ABŞ-ın yaratdığı dəniz blokadası tamamlayır: Tehrandan verilən bütün açıqlamalara rəğmən bu addım ölkənin ən böyük gəlir mənbəyi olan neft ixracını tamamilə dayandırıb. Bunu elə İran hökumətinin iqtisadi blokunda ən yüksək vəzifə tutan şəxs – İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemmati avqustun 19-da açıqlayıb: “Bu şəraitdə neft ixracı faktiki olaraq dayandırılıb”.

Hemmati həmçinin blokada və sanksiyaların ölkə iqtisadiyyatına təsir etdiyini bildirib, lakin əlavə edib ki, hazırda bazarda mal çatışmazlığı yoxdur.
Digər bir tərəfdən, ABŞ İranın qaçaq yolla da olsa satdığı neftdən əldə etdiyi gəlirlərin Tehrana çatdırılması üçün istifadə olunan iki əsas kanalı da bağlayır. Söhbət BƏƏ və Qatar üzərindən maliyyə vəsaitlərinin İrana çatdırılmasından gedir. Uzun illərdir İranın sanksiyalardan yayındırmaqla Çin və digər ölkələrə satdığı neftin pulları müxtəlid adlar altında dollar şəklində Qətər və BƏƏ maliyyə institutlarına, oradan isə Tehrana çatdırılır. Artıq 3 gün əvvəl BƏƏ İranla bütün maliyyə əməliyyatlarını dayandırdığını elan edib. Əbu-Dabi bu addımını İrandan öz ərazisinə 2 ballistik raketin atılması ilə əsaslandırıb. Bundan əvvəl isə İran Hörmüzdə BƏƏ-nin ADNOC şirkətinə məxsus 3 tankeri vurmuşdu və BƏƏ XİN kəskin bəyanat yaymışdı.
ABŞ mətbuatının yazdığına görə, hazırda Vaşinqton administrasiyası İranla ticarət-maliyyə əməliyyatlarını dayandırması üçün Qətərə də təzyiq edir. Qətərin xarici işlər naziri bu gün Misirdə keçirilən müzakirələrdə Hörmüzdə gəmiçiliyin tam bərpa olunmasını tələb edib. Əgər Doha da İranla maliyyə əməliyyatlarını dayandırarsa, Tehranın yalnız neft deyil, digər ixrac məhsullarından da əldə etdiyi gəlirləri alması mümkünsüz hala gələcək.
![]()
İranda bu perspektivi bilirlər və buna görə də BƏƏ-nin qərarından sonra bu ölkəyə raketin onlarn deyil, iki ölkənin arasınıl vurmaq istəyən qüvvələr tərəfindən atıldığını iddia ediblər.
ABŞ İranı blokadaya almaqla yanaşı, iyul ayında İranın sahilboyu ərazilərindəki bütün radar sistemlərini sıradan çıxarmaqla onun Hörmüz boğazının Oman sularına nəzarət imkanını əlindən alıb. Artıq bu ərazi ilə Körfəz ölkələrindən gündəlik 9-10 milyon barel neft daşınır. Vaşinqton bu marşrutu davamlı olaraq açıq saxlamaq niyyətindədir. 2027-ci ilin əvvəlindən BƏƏ-də Hörmüzdənkənar limanlara neft daşıyacaq ikinci kəmər işə düşəcək. Eyni zamanda Səudiyyə Ərəbistanı da Qırmızı dəniz sahilinə doğru yeni kəmər çəkilişini sürətləndirib. İraq isə Türkiyə və Suriya vasitəsilə ixracı kəskin artırmaq planlarının icrasına başlayıb.
ABŞ həmçinin iyuldakı hücum zamanı İranın Çindən quru yolu ilə məhsul idxalında mühüm rolu olan infrastrukturu sıradan çıxarıb.

Beləlilklə, ABŞ İrana qarşı çoxistiqamətli təzyiq mexanizmi yaradıb: burada həm sanksiyalar, həm maliyyə kanallarının bağlanması, həm də Körfəzdən enerji ixracında Hörmüzün rolunun azaldılması daxildir.
ABŞ-ın yeni sanksiyalarının İranın neft-kimya sənayesinə qarşı yönələcəyi gözlənilir. Məlumdur ki, ölkənin neftdən sonra əsas gəlir mənbəyi bu sahədir. Tehrandan verilən açıqlamalara əsasən 2024-cü ilin oktyabrından 2025-ci ilin dekabrına qədər olan 15 ay ərzində İranın neft-kimya ixracı 150,6 milyard dollar, ümumi istehsal həcmi isə 37 milyon ton təşkil edib. Bu ixrac ölkəyə valyuta təminatında əsas rollardan birini oynayıb.
BMT statistikası isə 2025-ci ildə İranın ümumi mal ixracının 2024-cü ildəki 112.654 milyon dollardan 0,5 faiz artaraq 113.225 milyon dollar təşkil etdiyini bildirir. Lakin İran neftinin əksər hallarda qeydiyyatsız ixrac olunduğunu nəzərə alsaq, BMT statistikasının reallığı əks etdirmədiyini söyləyə bilərik.

Trampın ilk hakimiyyəti dövründə də İranın neft-kimya sənayesinə qarşı sanksiya tətbiq olunmuşdu. Lakin sonradan Bayden dövründə onların icrasına nəzarət gündəmdən çıxdığına görə İran öz məhsullarını rahat ixrac edə bilirdi. ABŞ-ın əlavə sanksiyala tətbiq etməsi, bu ixracın da qarşısının alınmasına gətirib çıxara bilər. Çünki neft-kimya məhsullarını gizli ixrac etmək mümkün deyil, alıcıların sayı çoxdur.
İranla ticarəti yüksək olan ölkələr arasında Azərbaycan da var. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən 2025-ci ildə Azərbaycanla İran arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 644,1 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 3 milyon ABŞ dolları və ya 0,5 faiz azdır.
Ötən il Azərbaycandan İrana 20 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da 2024-cü illə müqayisədə 6 milyon dollar və ya 42,9 faiz artım deməkdir. İrandan Azərbaycana ixracın həcmi 624,1 milyon ABŞ dolları təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 9 milyon dollar və ya 1,4 faiz azalıb.

ABŞ-İran münaqişəsinin başlanması fonunda İranla ticarətimizdə artım qeydə alınmaqdadır. Belə ki, b ilin yanvar-iyulunda İranla ticarət dövriyyəsinin həcmi 360 milyon 163,84 min dollar təşkil edib. Bunun 340 milyon 26,44 min dolları İrandan idxalın, 20 milyon 137,4 min dolları isə bu ölkəyə ixracın payına düşür.
Ötən ilin eyni dövründə ticarət dövriyyəsinin həcmi 353 milyon 409,16 min dollara bərabər olmuşdu – İrana ixracımız 6 milyon 866,13 min dollar, idxalımız isə 346 milyon 546,03 min dollar təşkil etmişdi. Builki ticarətdə artım demək olar ki, bütünlüklə təbii qaz ixrac-idxalından qaynaqlanır. Ötən il İrandan Naxçıvan üçün cəmi 4 milyon dollarlıq qaz almışdıqsa, bu ilin birinci yarısında bu rəqəm 13 milyon dolları keçib. İrana Naxçıvan üçün aldığımız qazın əvəzində yanvar-iyunda 6,6 milyon dollarlıq qaz vermişik, halbuki 2025-ci ilin birinci yarısında bu göstərici sıfıra bərabər olub. İrana ixracı artan digər məhsul pambıq lifidir. Ötən ilin birinci yarısındakı 1,3 milyon dollardan bu ilin eyni dövründə 5,2 milyon dollara yüksəlib.
Məlumdur ki, İrandan ixracımızın mühüm hissəsi kənd təsərrüfatı məhsullarıdır – bu ilin birinci yarısında 30 milyon dollardan yuxarı təkcə kərə yağı idxalı təşkil edib. Lakin İrandan kənd təsərrüfatı malları ilə yanaşı, böyük həcmdə kimya və neft-kimya sənayesi, həmçinin tikinti məhsulları, dəmir-polad məmulatları idxal edirik. Bu idxalın həcmi yüz milyonlarla dollara çatır.
ABŞ yenidən İranın kimya və neft-kimya sənayesini hədəf alarsa, bu idxalı dayandırmaq məcburiyyətində qalacağıq. Bu isə daxili bazarda həmin məhsulların qiymətinin ciddi artımına səbəb olacaq – digər ölkələrdən idxal baha başa gəlir.
ABŞ-ın İrana qarşı iqtisadi müharibəsi Azərbaycanın iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin də dayanmasına səbəb ola bilər.

