Bakının Sabunçu rayonunda 43 yaşlı kişi həyat yoldaşına şiddət göstərməkdə ittiham olunub.
Hadisə onların birgə yaşadıqları evdə baş verib. Ordubad rayon sakini, 1983-cü il təvəllüdlü Sakit yaşadıqları evin yataq otağında arvadı Samirə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Bu zaman Sakit Qurban bayramı münasibətilə bacısı Esmiranın Sumqayıt şəhərində yerləşən evinə ailəliklə qonaq getmək istədiyini Samirəyə deyib, sonuncu isə buna narazılıq edib. Onun getmək istəməməsi səbəbindən aralarında mübahisə yaranıb.
Ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı ər arvadını sağ əli ilə hər iki qol və döş qəfəsi nahiyələrinə, sağ ayağı ilə isə sol ayaq nahiyəsinə bir dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
İş üzrə izahat verən Sakit bildirib ki, 2015-ci ildə Samirə ilə ailə həyatı qurub və birgə nikahlarından iki oğul övladı var:
“Məlum hadisə günü, saat təqribən 14 radələrində yaşadığım evdə olarkən Qurban bayramı ilə əlaqədar Samirəyə Sumqayıt şəhərində yaşayan bacımın evinə ailəlikcə qonaq getmək istədiyimi bildirdim. Lakin Samirə getmək istəmədiyini deyərək narazılığını bildirdi və aramızda mübahisə baş verdi. Mübahisə nəticəsində evin yataq otağında olarkən Samirəni vurdum. Bundan sonra Samirə döyülməsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdi”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda arvadı ilə barışdığını, əməlindən peşman olduğunu söyləyib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Sakit 1200 manat miqdarında cərimə edilib.\\demokrat.az

