Polşa Rusiya ilə mümkün silahlı qarşıdurma ssenarisinə hazırlaşır. Bununla belə, Varşava müharibənin baş verməyəcəyinə ümid edir.
Polşanın milli müdafiə nazirinin müavini Sezari Tomçik bildirib ki, Rusiya tərəfindən genişmiqyaslı təxribat yaxın aylarda baş verə bilər. Onun sözlərinə görə, Varşava artıq təhlükələri yalnız “real” və “qeyri-real” ssenarilər üzrə deyil, onların ehtimal dərəcəsinə əsasən qiymətləndirir.
Editor.az xəbər verir ki, “Biz müharibəyə hazırlaşırıq və ümid edirik ki, bu, heç vaxt baş verməyəcək”, – Tomçik deyib.
Nazir müavini qeyd edib ki, Polşa müdafiə qabiliyyətini artırmaqla yanaşı, enerji və digər kritik infrastrukturu mümkün hücumlara qarşı hazırlayır. Ölkə, həmçinin “Şərq qalxanı” proqramı çərçivəsində pilotsuz uçuş aparatlarına qarşı SAN sistemini inkişaf etdirir.
Tomçik NATO-nun Avropadakı qüvvələrinin komandanı Aleksus Qrinkeviçin Rusiyanın 2027-ci ilə qədər hərbi potensialını bərpa edə biləcəyi barədə qiymətləndirməsinə də münasibət bildirib. O, konkret tarix müəyyənləşdirməyin düzgün olmadığını və Kremlin genişmiqyaslı təxribatının daha yaxın müddətdə də baş verə biləcəyini vurğulayıb.
Polşa rəsmisinin açıqlamaları Varşavanın NATO-nun şərq cinahında mümkün təhlükələrə qarşı hazırlığı gücləndirdiyini göstərir. Bununla yanaşı, açıqlamada Rusiyanın Polşaya hücumunun qaçılmaz olduğu bildirilməyib; söhbət mümkün ssenarilərə hazırlıqdan gedir.
//Samir Qurbanov, Editor.az

