Avropa Komissiyası Polşada Ukrayna vətəndaşlarına qarşı zorakılıq və düşmənçilik hallarının artmasını diqqətdə saxlayır.
Komissiyanın nümayəndəsi “Azadlıq Radiosu”nun sorğusuna cavabında bildirib ki, qurum Polşanın irqçilik və ksenofobiyaya qarşı mübarizə üzrə Avropa İttifaqı qanunvericiliyinin tələblərinə əməl etməsini izləyir.
Avropa Komissiyası bütün nifrət zəminli cinayətləri və nifrət nitqinin təzahürlərini pislədiyini vurğulayıb. Qurum həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsindən zərər çəkən ukraynalılara dəstəyini davam etdirəcəyini bildirib.
Komissiyanın açıqlamasında qeyd olunub ki, bərabər münasibət, ayrı-seçkiliyə yol verilməməsi və həmrəylik Avropa İttifaqının fundamental prinsiplərindəndir. Aİ üzv dövlətlərinin, o cümlədən Polşanın irqçilik və ksenofobiyaya qarşı mübarizə ilə bağlı öhdəliklərinin yerinə yetirilməsi izlənilir.
Polşa Baş Polis İdarəsinin məlumatına görə, 2026-cı ilin ilk altı ayında Ukrayna vətəndaşları nifrət zəminində törədilən hüquqpozmalarla bağlı polisə 180 müraciət edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30 faiz çoxdur.
Bununla yanaşı, Ukraynanın Polşadakı səfiri Vasili Bodnar bildirib ki, rəsmi statistikadakı artım yalnız cəmiyyətdə aqressiyanın çoxalması ilə bağlı olmaya bilər.
Onun sözlərinə görə, göstəricilərin yüksəlməsi hüquq-mühafizə və ədliyyə sisteminin bu cür halları daha effektiv qeydə alması ilə də əlaqəli ola bilər.
Aİ-nin müvafiq qanunvericiliyi üzv dövlətlərdən milli və ya etnik mənşəyə görə nifrət nitqinin və zorakılığa açıq çağırışların cinayət məsuliyyətinə səbəb olmasını, həmçinin digər cinayətlər zamanı irqçi və ya ksenofob motivlərin ağırlaşdırıcı hal kimi nəzərə alınmasını tələb edir.
//Samir Qurbanov, Editor.az

