ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azaltmağı nəzərdən keçirirbackend

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azaltmağı nəzərdən keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İranla hərbi qarşıdurma başa çatdıqdan sonra Yaxın Şərqdəki hərbi mövcudluğunu azaltmaq imkanını nəzərdən keçirir.

Editor.az xəbər verir ki, bu barədə The Washington Post qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, ABŞ-ın hərbi rəhbərliyi İran tərəfindən son aylarda hücumlara məruz qalan Fars körfəzi ölkələrində yerləşən hərbi qüvvələrin sayının azaldılması imkanını qiymətləndirir.

Mənbələr bildiriblər ki, ABŞ Müdafiə Nazirliyi bölgədə zərər görmüş bəzi hərbi bazaların əvvəlki vəziyyətinə qaytarılmaması ehtimalına dair artıq siqnal verib.

Bununla belə, The Washington Post qeyd edir ki, hazırda söhbət ABŞ-ın Yaxın Şərqdəki hərbi strategiyasının tamamilə yenidən nəzərdən keçirilməsindən getmir. Pentaqonun siyasi məsələlər üzrə bölməsi yalnız İranla hərbi qarşıdurmanın regiondakı ABŞ hərbi mövcudluğuna mümkün təsirlərini qiymətləndirir.

Mümkün qoşun ixtisarları ilə bağlı variantların təhlilinə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi və Mərkəzi Komandanlığı (CENTCOM) da cəlb olunub.

Məlumata görə, ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunun gələcəyi İranla qarşıdurmanın nəticələrindən və regionda təhlükəsizlik vəziyyətinin necə inkişaf edəcəyindən asılı olacaq.

Qeyd edək ki, daha əvvəl Yaxın Şərqdə ABŞ və İran arasında hərbi qarşıdurmanın yaxın zamanda nizamlanmasının mümkün olduğu bildirilmişdi.

//Gülnarə Abasova, Editor.az