Rusiyanın Ukraynanın logistika və mülki infrastrukturuna endirdiyi zərbələr ölkə iqtisadiyyatına ciddi zərər vurur.
Editor.az xəbər verir ki, The Economist yazır ki, son hücumlar nəticəsində Ukraynanın təchizat zəncirində yaranan problemlər Kiyevdəki bəzi supermarketlərdə rəflərin boşalmasına səbəb olub.
Nəşrin məlumatına görə, Rusiyanın Ukraynanın logistika mərkəzləri və anbarlarına zərbələri pərakəndə ticarət şəbəkələrinin fəaliyyətinə də təsir göstərib. Xüsusilə ərzaq məhsullarının saxlanıldığı və paylandığı iri logistika mərkəzlərinin sıradan çıxarılması təchizatın alternativ marşrutlarla həyata keçirilməsini zəruri edib.
Bununla yanaşı, Qara dənizdə mülki yük gəmilərinə və liman infrastrukturuna hücumların intensivləşməsi Ukraynanın ixrac imkanlarına əlavə təzyiq yaradıb. Reuters-in məlumatına görə, iyulun sonlarından etibarən Ukraynanın cənub limanlarında gəmiçilik fəaliyyəti əhəmiyyətli dərəcədə azalıb, avqust ayında ölkənin taxıl ixracı illik müqayisədə 76 faiz geriləyib.
Ukraynanın Qara dəniz limanları ölkənin kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılmasında əsas rol oynayır. Limanlara və kommersiya gəmilərinə hücumların davam etməsi həm Ukraynanın ixrac gəlirlərinə, həm də qlobal ərzaq bazarlarına təsir göstərə bilər.
Ukrayna tərəfi vəziyyətin sabitləşdirilməsi məqsədilə Qara dənizdə mülki gəmilərə qarşı hücumların qarşılıqlı dayandırılmasını təklif edib. Kiyev bu addımın əsas dəniz ixrac marşrutunun fəaliyyətini bərpa etməyə imkan verəcəyinə ümid edir.
Bununla belə, ekspertlər logistika sisteminin alternativ marşrutlara keçirilməsi nəticəsində əlavə nəqliyyat və anbar xərclərinin yarandığını bildirirlər. Bu isə gələcəkdə bəzi məhsulların qiymətlərinə təzyiq göstərə bilər.
//Samir Qurbanov, Editor.az

