Polşanın paytaxtı Varşavada 71 yaşlı rusiyalı müxalifətçi Sergey Vlasenkonun meyiti aşkarlanıb. Bu barədə Polşanın Wirtualna Polska nəşri məlumat yayıb.
Məlumata görə, Vlasenkonun meyiti avqustun 17-də axşam saatlarında şəhərin Mokotuv rayonundakı mənzilində tapılıb. Onunla əlaqə saxlaya bilməyən tanışı mənzilin qapısının içəridən kilidli olduğunu görüb və binaya balkondan daxil olub.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları mənzildə araşdırma aparıb, mərhumun tibbi sənədlərini götürüblər. Vlasenkonun cəsədi məhkəmə-tibbi ekspertizaya göndərilib.
Polşa prokurorluğu hazırda hadisənin cinayət xarakterli olduğunu göstərən əsasların olmadığını açıqlayıb. Ölümün dəqiq səbəbi yarılma və toksikoloji müayinələrdən sonra müəyyənləşdiriləcək. Bununla yanaşı, mümkün üçüncü şəxslərin iştirakını istisna etmək məqsədilə araşdırma davam etdirilir.
Sergey Vlasenko Rusiyada yaşadığı dövrdə Uzaq Şərqdə yerli deputat kimi fəaliyyət göstərib. Ukraynada müharibənin başlamasından sonra Rusiyanı tərk edən Vlasenko Polşada siyasi sığınacaq alıb. O, Rusiyadakı hakimiyyətə müxalif «Xalq Deputatları Qurultayı»nın fəaliyyətində iştirak edib.
//Samir Qurbanov, Editor.az

