Azərbaycanın sülh prosesinə münasibəti aydın və dəyişməzdir. Rəsmi Bakı hesab edir ki, sülh sazişinin imzalanması yalnız sənədin mətni üzrə razılıqla məhdudlaşmamalı, gələcəkdə yeni münaqişə risklərini aradan qaldıracaq hüquqi təminatlar da yaradılmalıdır. Bu baxımdan Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına əsas verən müddəaların aradan qaldırılması davamlı sülhün təmin edilməsi üçün əsas şərtlərdən biri olaraq qalır.
Milli Məclisin deputatı Müşfiq Cəfərov Editor.az-a açıqlamasında bildirib ki, bildiyiniz kimi, Azərbaycanın neft məhsulları Ermənistana ixrac olunur:
“Bu, iki ölkə arasında sülh gündəliyi çərçivəsində baş verən mühüm inkişafdır. Eyni zamanda, ticarət əlaqələrinin normallaşması və regional inteqrasiyanın gücləndirilməsi istiqamətində atılan ilk addımlardan biri kimi qiymətləndirilə bilər. İşğal dövründən bəri dayandırılmış tranzit daşımalarının bərpası tərəflər arasında münasibətlərin normallaşmasına doğru atılan mühüm addımdır. Neft məhsullarının tranziti bölgədə iqtisadi əməkdaşlığın genişlənməsinə və regional inteqrasiyanın dərinləşməsinə xidmət edəcək.
Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişə tərəflər arasında ciddi etimad boşluğu yaratmışdı. Artıq strateji əhəmiyyət daşıyan məhsulların ticarəti qarşılıqlı etimadın möhkəmlənməsinə və siyasi sabitliyin güclənməsinə töhfə verə bilər. Bir sözlə, regionda davamlı sülh və sabitliyə nail olmaq istəyiriksə, ilk növbədə iqtisadi əlaqələrin bərpasına nail olmalıyıq və bu istiqamətdə mərhələli şəkildə irəliləyirik. Çünki Ermənistanla imzalanacaq hər hansı sənəd müəyyən şərtlər daxilində kağız üzərində qala bilər. Lakin formalaşmış iqtisadi münasibətlər uzunmüddətli siyasi sabitliyin təmin olunmasına hər zaman daha ciddi töhfə verir.
Amma dövlətimiz rəsmi şəkildə bəyan edir ki, Ermənistan Konstitusiyasında və onun istinad etdiyi Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarına əsas yaradan müddəalar aradan qaldırılmadan yekun sülh sazişinin imzalanması mümkün deyil. Bu tələbin yerinə yetirilməsi davamlı və etibarlı sülhün əsas şərtlərindən biridir”.
Onun sözlərinə görə, Nikol Paşinyan da dəfələrlə Ermənistanın yeni Konstitusiyaya ehtiyac duyduğunu bəyan edib:
“Bu yanaşma təkcə daxili siyasi islahatlarla məhdudlaşmır. Məlumdur ki, Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad edən müddəalar Azərbaycana qarşı ərazi iddialarının hüquqi əsası kimi qiymətləndirilir. Məhz buna görə də Konstitusiyaya dəyişiklik məsələsi artıq Ermənistanın daxili hüquqi proseduru çərçivəsini aşaraq, regional təhlükəsizlik və davamlı sülh gündəliyinin əsas elementlərindən birinə çevrilib”.

