Hikmət Hacıyevdən SƏRT AÇIQLAMA: Azərbaycan buna heç vaxt icazə verməzbackend

Hikmət Hacıyevdən SƏRT AÇIQLAMA: Azərbaycan buna heç vaxt icazə verməz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bəyan edib ki, Bakı heç vaxt öz ərazisinin qonşu dövlətlərə qarşı istifadə olunmasına imkan verməyəcək.

O, bu barədə Türkiyə KİV-lərinə müsahibəsində danışıb.

Hikmət Hacıyev bildirib ki, Azərbaycanın yerləşdiyi region geosiyasi baxımdan mürəkkəb olaraq qalır. Onun sözlərinə görə, ölkənin cənubunda İran, ABŞ və İsrail arasında qarşıdurma davam edir, şimalında isə Rusiya ilə Ukrayna arasında müharibə gedir.

Prezidentin köməkçisi Azərbaycanın guya İsrail kəşfiyyatı “Mossad” tərəfindən istifadə edilməsi ilə bağlı iddiaları da şərh edib. O, bu cür məlumatları təbliğat adlandırıb.

Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü dövlət siyasətinin əsas prinsiplərindəndir və ölkə heç vaxt öz ərazisinin hər hansı qonşu dövlətə qarşı müdaxilə məqsədilə istifadəsinə icazə verməyəcək.

Prezidentin köməkçisi Azərbaycanın İranı qardaş ölkə hesab etdiyini də vurğulayıb.

O bildirib ki, Araz çayının o tayında milyonlarla azərbaycanlı yaşayır və Bakı öz qardaşı hesab etdiyi insanlara, onların milli və dini mənsubiyyətindən asılı olmayaraq, zərər vura biləcək hər hansı hərəkətə yol verə bilməz.

Hikmət Hacıyev əlavə edib ki, Azərbaycana qarşı səsləndirilən bu ittihamların praktiki baxımdan da heç bir əsası yoxdur. Onun sözlərinə görə, belə ssenarilər texniki baxımdan da mümkün deyil. Çünki bunun üçün Türkiyə ərazisindən istifadə tələb olunardı ki, bu da istisna olunur.

“Bu kimi iddiaların hamısı çirkli təbliğatın tərkib hissəsidir”, – deyə Hikmət Hacıyev vurğulayıb.