“ATƏT yeni reallıqlara uyğunlaşa bilmir” – Siyasi analitikdən sərt qiymətləndirməbackend

“ATƏT yeni reallıqlara uyğunlaşa bilmir” – Siyasi analitikdən sərt qiymətləndirmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illərdə Avropa təhlükəsizlik arxitekturasında baş verən dərin geosiyasi dəyişikliklər ATƏT-in effektivliyi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Xüsusilə postsovet məkanında uzun illər davam edən münaqişələrin idarə olunması və onların nəticələrinin aradan qaldırılması istiqamətində təşkilatın fəaliyyəti ciddi suallar doğurur. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə bərpa etməsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda ATƏT-in bu dəyişikliklərə adekvat yanaşması, eləcə də praktik fəaliyyət nümayiş etdirməsi artıq zərurətə çevrilib.

Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, əslində təhlükəsizlik və əməkdaşlığın təmin edilməsi məsələlərində BMT dünyada nə qədər fəaliyyətsiz və təşəbbüssüz görünürsə, Avropa məkanında da ATƏT bir o qədər görünməz vəziyyətdədir:

“Ötən əsrin 70-ci illərində ATƏT-in əsası qoyularkən təşkilatın gələcəyi ilə bağlı böyük ümidlər var idi. Xüsusilə də onun məşvərət formatından institusional təşkilata çevrilməsi Avropa məkanında daha məhsuldar fəaliyyət göstərməsini dövrün əsas tələblərindən birinə çevirmişdi. Lakin zaman keçdikcə ATƏT, xüsusilə də Sovet İttifaqının dağılmasından və yeni müstəqil dövlətlərin yaranmasından sonra, öz missiyasını beynəlxalq hüququn fundamental prinsipləri əsasında deyil, daha çox ikili standartlar prizmasından həyata keçirməyə meylləndi. Keçmiş sosialist düşərgəsində və postsovet məkanında mövcud olan münaqişələrin həllinə münasibətdə təşkilatın kəsərsizliyi bir daha özünü göstərdi.

Qarabağ münaqişəsinin həllində ATƏT-in nümayiş etdirdiyi nəticəsiz fəaliyyəti hələ də unudulmayıb. Təxminən 30 il ərzində bu təşkilat münaqişənin həllindən daha çox işğala əsaslanan status-kvonun qorunub saxlanmasına xidmət edən mexanizmə çevrildi. ATƏT-in Qarabağ münaqişəsi kontekstində belə bir alətə çevrilməsi onun tarixində və siyasi məsuliyyətində ciddi mənfi iz kimi qalır. Buna görə də ATƏT-in həqiqətən sülh, təhlükəsizlik və əməkdaşlıq naminə fəaliyyət göstərən nüfuzlu bir quruma çevrilməsi üçün dərin və sistemli islahatlara ehtiyac var”.

Onun sözlərinə görə, bu gün də ATƏT təhlükəsizlik anlayışını müasir çağırışlara uyğun geniş məzmunda tətbiq etməkdə çətinlik çəkir:

“O mənada ki, təşkilat münaqişələrin həlli prosesində nə qədər təşəbbüssüz mövqe sərgiləyirdisə, bu gün də münaqişədən sonrakı dövrdə yaranan problemlərin aradan qaldırılması istiqamətində eyni dərəcədə passiv davranır. ATƏT-in Minsk Qrupunun ləğv edilməsi üçün Azərbaycanın nə qədər ciddi səylər göstərdiyi hər kəsə məlumdur. Halbuki təşkilatın rəhbərliyi ya Minsk Qrupunu vaxtında ləğv etməli, ya da yeni geosiyasi reallıqlara uyğun fəaliyyət konsepsiyası təqdim etməli idi. Təəssüf ki, bunların heç biri baş vermədi.

Bu gün artıq həll olunmuş Qarabağ münaqişəsindən sonra qalan problemlərin, xüsusilə mina təhlükəsinin aradan qaldırılması və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində də ATƏT-in yetərli fəaliyyətini müşahidə etmirik. Ərazilərimizin minalardan təmizlənməsi işində təşkilatın praktiki rolunun görünməməsi bağışlanmaz haldır. Halbuki hazırkı şəraitdə minalanmış ərazilər Azərbaycan üçün ən ciddi təhlükəsizlik problemlərindən biridir. Bu gün Azərbaycanın əsas təhlükəsizlik təhdidlərindən biri xaricdən deyil, məhz işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina təhlükəsindən qaynaqlanır. Təəssüf ki, ATƏT bu həyati əhəmiyyət daşıyan məsələyə də lazımi həssaslığı nümayiş etdirmir.

Məhz buna görə də xarici işlər naziri Ceyhun Bayramovun son günlər ATƏT rəhbərliyinə bu istiqamətdə etdiyi çağırış tamamilə əsaslı və vaxtında verilmiş mesajdır. Azərbaycan gözləyir ki, ATƏT heç olmasa postmünaqişə dövrünün ən mühüm humanitar və təhlükəsizlik problemlərindən biri olan minaların təmizlənməsi istiqamətində nəhayət konkret mövqe ortaya qoysun, həm təşkilati imkanlarını, həm də beynəlxalq maliyyə və texniki dəstək mexanizmlərini səfərbər edərək bu prosesə real töhfə versin”.

//Gülnarə Abasova, Editor.az