“Fransa bu gün özünün tarix boyu dünyaya təqdim etdiyi dəyərlərlə sınaq qarşısındadır. Demokratiya, insan hüquqları və ləyaqət haqqında danışan bir dövlətin başqa ölkələrin liderlərinə qarşı təhqir və nifrət ritorikasına göz yumması ciddi siyasi ziddiyyətdir və ikrah doğurur”
Bu fikirləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı səsləndirib.
Onun sözlərinə görə, Emmanuel Makronun rəhbərlik etdiyi Fransanın Azərbaycana münasibətdə nümayiş etdirdiyi mövqe obyektiv diplomatiya çərçivəsindən çoxdan uzaqlaşıb:
“Fransa uzun illər özünü siyasi mədəniyyətin, hüququn və demokratiyanın beşiyi kimi təqdim edib. Amma Azərbaycana münasibətdə ortaya çıxan mənzərə göstərir ki, Paris bəzi hallarda müdafiə etdiyi prinsipləri özü pozur. Azərbaycan dövlətinə, onun rəhbərliyinə və milli maraqlarına qarşı aqressiv, təhqiramiz ritorikaya sahib şəxslərin Fransa siyasi mühitində rahat fəaliyyət göstərməsi bu ölkənin ikili standartlarını ortaya qoyur.”
F. Şahbazlı bildirib ki, Fransa insan hüquqları anlayışından siyasi təzyiq vasitəsi kimi istifadə etməməlidir:
“İnsan ləyaqəti yalnız Avropada yaşayan insanlar üçün deyil, bütün dünya üçün keçərli prinsipdir. Əgər Fransa daxilində təhqir və nifrət ritorikasına qarşı mübarizə aparılırsa, eyni həssaslıq başqa ölkələrin liderlərinə və xalqlarına münasibətdə də göstərilməlidir. Əks halda Parisin demokratiya haqqında verdiyi dərslər inandırıcılığını itirir.”
Siyasi şərhçinin fikrincə, Makronun siyasətində əsas problem böyük dövlət məsuliyyəti ilə gündəlik siyasi hesablamalar arasındakı ziddiyyətdir:
“Makronun addımları Fransanın klassik diplomatik ənənələrindən uzaqlaşdığını göstərir”.
Fərid Şahbazlı qeyd edib ki, Fransa Azərbaycana qarşı hansısa siyasi kampaniyalara və radikal ritorikaya şərait yaradırsa, bu, ilk növbədə Fransanın öz beynəlxalq nüfuzuna zərbə vurur:
“Azərbaycan istəsə, eyni üsullardan istifadə edə bilər. Avropanın müxtəlif şəhərlərində Fransa rəhbərliyinə qarşı sərt və təhqiramiz çıxışlar edən şəxslər tapmaq çətin deyil. Lakin dövlət siyasəti belə qurulmur. Güclü dövlət qarşı tərəfin səviyyəsinə enmir, öz siyasi səviyyəsini qoruyur.”
Onun sözlərinə görə, Fransanın qarşısında seçim var:
“Ya Paris həqiqətən iddia etdiyi demokratik dəyərlərə sadiq qalacaq, ya da bu dəyərlərdən geosiyasi maraqlar naminə istifadə edən ölkə kimi tarixdə qalacaq. Çünki tarix böyük dövlətləri dedikləri sözlərlə deyil, göstərdikləri davranışlarla qiymətləndirir.”
Fərid Sahbazlı
Siyasi şərhçi

