Polkovnik: “NATO KOV mexanizminin məqsədlərindən biri…”
Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Polis İdarəsinin Əməliyyat İmkanları Konsepsiyası (KOV) bölüyünün qabaqcıl əməliyyat bazasında görülən işlərlə tanış olub. Xüsusilə oktyabrda keçiriləcək NATO qiymətləndirməsi ərəfəsində hərbçilərin hazırlığı diqqət çəkir.
Müdafiə Nazirliyinin məlumatına görə, Baş Daxili Təhlükəsizlik və Təhqiqatlar Baş İdarəsinin rəis müavini – Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev müdafiə naziri general-polkovnik Zakir Həsənova hərbi polisin fəaliyyəti, qabaqcıl əməliyyat bazasının işi və xidmətin təşkili barədə məruzə edib.
Bildirilib ki, KOV bazasında keçirilən tədbirlər NATO standartlarına uyğunlaşdırılıb və sülhməramlı əməliyyatlarda qarşılıqlı fəaliyyətin təmin edilməsinə yönəlib.
Müdafiə Nazirliyinin rəhbərliyi bölmənin ərazisində yaradılmış şəraitlə tanış olub, kazarmaya, idman və atıcılıq şəhərciklərinə, mühəndis, kəşfiyyat və sürücülük hazırlığı üzrə təlim mərkəzlərinə, həmçinin hərbi texnikaya baxış keçirib.
Daha sonra nazirliyin rəhbərliyi NATO-nun Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Əks-əlaqə Proqramının birinci səviyyəli özünüqiymətləndirmə təlimlərinə hazırlıq çərçivəsində hərbi qulluqçuların döyüş hazırlığını izləyib. Təlimlərin oktyabr ayında keçirilməsi planlaşdırılır.
Azərbaycanın hərbi bölməsinin NATO-nun KOV mexanizmi çərçivəsində qiymətləndirməyə hazırlanması ölkənin NATO ilə praktiki hərbi əməkdaşlığında diqqətçəkən məqamlardan biridir. Burada söhbət yalnız hərbi təlimdən deyil, bölmənin müəyyən NATO standartları üzrə hazırlıq və qarşılıqlı fəaliyyət imkanlarının yoxlanılmasından gedir.
Oktyabrda keçiriləcək bu qiymətləndirmə Azərbaycanın NATO ilə hərbi əməkdaşlığında hansı praktiki nəticələr yarada bilər və Bakı üçün əsas qazanc nə olacaq, Rusiyanın mümkün reaksiyası nə ola bilər?

Rövşən Məhərrəmov
Azərbaycan Hərbi Polisinin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın Hərbi Polis İdarəsinin Əməliyyat İmkanları Konsepsiyası bölüyünün NATO-nun KOV Qiymətləndirmə və Əks-əlaqə Proqramının oktyabrda keçiriləcək birinci səviyyəli özünüqiymətləndirməsinə hazırlanması Bakının NATO ilə hərbi əməkdaşlığında praktiki mərhələnin davam etdiyini göstərir: “Müdafiə Nazirliyi bildirir ki, bölüyün hazırlığı NATO standartlarına uyğunlaşdırılıb və əsas məqsədlərdən biri sülhməramlı əməliyyatlarda qarşılıqlı fəaliyyət qabiliyyətinin təmin edilməsidir. Burada mühüm məqam KOV mexanizminin NATO-ya üzvlük mexanizmi olmamasıdır. NATO-nun öz izahına görə, KOV Qiymətləndirmə və Əks-əlaqə Proqramı tərəfdaş ölkələrin quru, dəniz, hava və xüsusi təyinatlı qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması, onların NATO qüvvələri ilə qarşılıqlı fəaliyyət imkanlarının artırılması və gələcək NATO rəhbərliyindəki əməliyyatlarda birlikdə fəaliyyətə hazırlığının qiymətləndirilməsi üçün istifadə olunur. Birinci səviyyə əsasən müxtəlif ölkələrin hərbi qüvvələrinin birlikdə işləyə bilməsinə fokuslanır. Bakı üçün əsas qazanc məhz budur ki, Azərbaycan hərbçiləri NATO standartlarının kağız üzərində tətbiqindən deyil, konkret bölmənin hazırlığının qiymətləndirilməsindən keçirlər. Özünüqiymətləndirmənin nəticələri sonrakı hazırlıq mərhələlərində hansı sahələrin təkmilləşdirilməli olduğunu müəyyənləşdirməyə imkan verə bilər. NATO-nun məlumatına görə, KOV prosesi tərəfdaş qüvvələrin təlim, doktrina, prosedur və əməliyyat qabiliyyətlərinin inkişafına xidmət edir”.
Bu baxımdan polkovnik hesab edir ki, Azərbaycan üçün bir neçə praktiki nəticələr gözlənilir: “Azərbaycan hərbçilərinin NATO ölkələrinin hərbi qulluqçuları ilə eyni prosedur və standartlar əsasında fəaliyyət göstərmək imkanları artır, sülhməramlı missiyalar üçün hazırlıq güclənir. Müdafiə Nazirliyinin açıqlamasında da məhz sülhməramlı əməliyyatlarda qarşılıqlı fəaliyyət xüsusi vurğulanır, təlim və komanda-idarəetmə standartları təkmilləşir. KOV proqramı yalnız fiziki hazırlığı deyil, əməliyyat prosedurlarını və qarşılıqlı fəaliyyət qabiliyyətini də qiymətləndirir. Azərbaycanın tərəfdaş qüvvə kimi etibarlılığı artır. NATO KOV mexanizminin məqsədlərindən biri tərəfdaşların əməliyyatlarda potensial iştirakına hazırlığını artırmaqdır”.
R.Məhərrəmov xatırlatdı ki, Azərbaycan uzun illərdir NATO-nun “Sülh naminə tərəfdaşlıq” mexanizmlərindən istifadə edir: “Hətta NATO-nun əvvəlki sənədlərində Azərbaycan Silahlı Qüvvələrinin NATO modeli və standartlarına uyğunlaşdırılması, KOV çərçivəsində bölmələrin qiymətləndirilməsi prosesində iştirakı qeyd olunub. Yəni 2026-cı ilin oktyabrında keçiriləcək tədbir yeni siyasi kursun elanından çox, uzun müddətdir davam edən hərbi-texniki və institusional əməkdaşlığın növbəti mərhələsidir.
Bununla belə, prosesin siyasi əhəmiyyətini də tamamilə kənara qoymaq olmaz. Çünki Azərbaycan bir tərəfdən Rusiya ilə müttəfiqlik münasibətlərini saxlayır, digər tərəfdən Türkiyə vasitəsilə NATO ölkələri ilə hərbi əməkdaşlığını və Qərb strukturları ilə təhlükəsizlik əlaqələrini genişləndirir. Beləliklə, Bakı təhlükəsizlik siyasətində çoxvektorlu yanaşmanı davam etdirir”.
“Bəs Rusiyanın reaksiyası necə ola bilər” sualına gəlincə, ekspert qeyd etdi ki, Moskvanın bunu diqqətlə izləyəcəyi aydındır. Lakin konkret olaraq bu oktyabr qiymətləndirməsinə Rusiyanın rəsmi reaksiyasını əvvəlcədən müəyyən etmək mümkün deyil: “Burada əsas məsələ KOV-un mahiyyətidir. Rusiya da bilir ki, bu, Azərbaycanda NATO qüvvələrinin yerləşdirilməsi və ya Azərbaycana NATO təhlükəsizlik təminatı verilməsi demək deyil. Dediyimiz kimi, KOV tərəfdaş ölkənin qüvvələrinin NATO standartları üzrə hazırlığını və qarşılıqlı fəaliyyət qabiliyyətini qiymətləndirən mexanizmdir və Rusiya bunu nəzərə almaya bilməz. Digər tərəfdən Azərbaycan müstəqil dövlətdir və hansı hərbi, siyasi ittifaqla necə münasibət qurmaq hüququna malikdir. Bu hüquqa qonşu dövlətlər hörmətlə yanaşmalıdır. Azərbaycanın NATO ilə əməkdaşlığı Rusiyaya və ya başqa hansısa ölkəyə qarşı deyil”.

