İranın Baş prokuroru İlham Əliyevə təşəkkür edibbackend

İranın Baş prokuroru İlham Əliyevə təşəkkür edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş prokuror Kamran Əliyev Qazaxıstan Respublikasına rəsmi səfər çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin baş prokurorlarının Türküstan şəhərində keçirilən 7-ci iclasında iştirak edib.

Editor.az  xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Tədbirdə çıxış edən Kamran Əliyev bildirib ki, Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və dövlətin strateji prioritetlərindən biri kimi müəyyənləşdirilən rəqəmsal transformasiya kursu hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Diqqətə çatdırılıb ki, cari ilin fevral ayında yaradılmış və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrlik etdiyi Azərbaycan Rəqəmsal İnkişaf Şurasının əsas məqsədləri ölkənin texnoloji potensialının və rəqəmsal suverenliyinin gücləndirilməsi, habelə innovasiyalara əsaslanan iqtisadi modelə keçidin təşviqindən ibarətdir.

Baş prokuror Azərbaycanın bu sahədə mühüm nailiyyətlərindən biri kimi 2021-ci ildə Prezidentin Fərmanı ilə yaradılmış Elektron Prokurorluq İnformasiya Sistemini (EPİS) qeyd edib. Bildirilib ki, EPİS hazırda elektron sənəd dövriyyəsi, istintaq, dövlət ittihamı, beynəlxalq hüquqi əməkdaşlıq, cinayətlərin xəritələşdirilməsi və elektron sorğular üzrə modulları əhatə edir. Bu modulların bir neçəsində süni intellekt texnologiyalarından istifadə olunur. Sistem, həmçinin Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) inteqrasiya edilib.

Səfər çərçivəsində baş prokuror xarici həmkarlarla bir sıra ikitərəfli görüşlər də keçirib.

İran İslam Respublikasının nümayəndə heyəti ilə görüşdə baş prokuror Məhəmməd Kazım Movahedi-Azad regionda baş verən son hadisələr fonunda Azərbaycan Respublikası tərəfindən göstərilən humanitar yardımlara görə ölkə başçısı İlham Əliyevə xüsusi minnətdarlığını bildirib.

Daha sonra iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, peşəkar təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, habelə qarşılıqlı hüquqi yardım mexanizmlərindən daha səmərəli istifadə imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və digər transmilli cinayətkarlıq formalarına qarşı mübarizədə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Pakistan İslam Respublikası baş prokurorunun müavini Umer Aslam Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən ikitərəfli görüşdə ölkələrimiz arasında mövcud yüksək səviyyəli münasibətlər, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın inkişaf perspektivləri, habelə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi məsələləri müzakirə olunub.

İkitərəfli görüşlər zamanı, həmçinin cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə, korrupsiya cinayətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin səfəri başa çatıb.