Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: “Moskva dayanmayacaq”-Politoloqdan AÇIQLAMAbackend

Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: “Moskva dayanmayacaq”-Politoloqdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsinin gedişatı fonunda qarşıdakı aylar yalnız cəbhədəki hərbi dinamika baxımından deyil, həm də regionun təhlükəsizlik arxitekturası və Cənubi Qafqazın geosiyasi mühiti baxımından mühüm əhəmiyyət daşıyır. Müharibənin uzanması və tərəflərin mövqelərində hərbi-siyasi dəyişikliklərin meydana çıxması enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətləri və regional sabitlik məsələlərini də gündəmdə saxlayır. Azərbaycan üçün isə proseslərin inkişafı xüsusilə enerji və nəqliyyat layihələrinin təhlükəsizliyi, regional sabitliyin qorunması və yeni geosiyasi reallıqların ölkənin milli maraqlarına mümkün təsirləri baxımından diqqətlə izlənilir. Bu kontekstdə cəbhədə mümkün dəyişikliklərin, Rusiyanın hərbi strategiyasının və Qərbin Ukraynaya dəstəyinin gələcək perspektivlərinin təhlili xüsusi aktuallıq kəsb edir.

Politoloq Tofiq Abbasov Editor.az-a açıqlamasında bildirib ki, artıq gedən Rusiya-Ukrayna qarşıdurmasında ciddi və köklü dəyişikliklərin yenidən gündəmə gəldiyini görürük:

“Məsələ burasındadır ki, bu yaxınlara qədər Ukrayna bir növ təşəbbüsü ələ keçirmişdi. Çünki Qərbdən ciddi həcmdə silah-sursat və raket potensialı əsasən Ukraynaya çatdırılırdı və Ukrayna, birincisi, uçan pilotsuz təyyarələrdən çox çevik şəkildə istifadə edirdi. Təsadüfi deyil ki, onlar Rusiyanın artıq dərin ərazilərinə raket zərbələri endirir, iri şəhərləri, enerji obyektlərini, marşrutları və kommunikasiyaları vururdular. Amma indi bu prosesdə səngimə baş verir. Çünki, birincisi, Amerika Birləşmiş Ştatlarının öz arsenalı, yəni cəbhəxanası artıq demək olar ki, boşalıb və istehsal gücü çatmır ki, onlar ciddi şəkildə həmin boşluqları doldursunlar.

Yəni özlərinə silah-sursat çatmır, çünki İran cəbhəsində demək olar ki, Amerika ciddi şəkildə gerilədi.

Digər tərəfdən, Avropa ölkələri də artıq qənaətlə bu proseslərə yanaşmağa başladılar, hətta məcbur oldular. Çünki həqiqətən də onlarda da problemlər çoxdur. Birincisi, NATO-nun ehtiyaclarını ödəməkdən ötrü onlar Amerika Birləşmiş Ştatlarına üz tutdular və Donald Trampın da cavabı ondan ibarətdir ki, birincisi, siz öz milli büdcələrinizdən NATO ölkələri kimi silah-sursata ayrılan həcmi artırın, ən azı 5 faizə çatdırın.

Digər tərəfdən də, əgər sizə fövqəladə bir tərzdə hər hansı bir raket, bilmirəm, artilleriya qurğuları lazımdırsa, onda zəhmət çəkin, onun xərcini ödəyin, biz yalnız sata bilərik. Artıq məccani şəkildə, yəni pulsuz şəkildə heç bir şey verilə bilməz.

İndi bu, həm də dünya iqtisadiyyatında baş verən tənəzzül, resessiya ənənəsi və tendensiyası ilə əlaqəli bir yanaşmadır. Ona görə də hazırda, bu anda Rusiya, əksinə, öz daxili istehsalını gücləndirir və raket, sonra artilleriya zərbələri, daha sonra pilotsuz təyyarələrin zərbələri – hamısı daha intensiv hal almağa başlayır. Yəni bax, bu dönüş indi Ukraynaya çox çətin bir dönəmin gəlməsini vəd edir. Ona görə də əgər vaxtilə, belə deyək, yarım il bundan əvvəl Zelenski özü bir növ tərəddüdlə “bəlkə danışdıq, bəlkə danışıqlara getdik” deyirdisə, indi artıq göstərir ki, deyəsən, Zelenski həqiqətən də ciddi şəkildə narahatçılıq yaşayır və ona lazım olan odur ki, heç olmasa, müvəqqəti sülh elan olunsun, yəni danışıqlar üçün.

Bilmirəm, indi Rusiya hər halda bax, bu vəziyyətdən çalışacaq maksimum dərəcədə istifadə etsin. Nədən gedir söhbət? İlk növbədə strateji obyektlərin yenidən sıradan çıxarılmasıdır, iri şəhərlərdə. Sonra hərbi-sənaye kompleksinə aid istehsal qüvvələrinin yerləşdiyi yerlərin atəşə tutulmasıdır, enerji obyektlərinin sıradan çıxarılmasıdır və kommunikasiyaların. Ona görə də mən elə başa düşürəm ki, indi Rusiya, əksinə, üstünlüyü hardasa ələ keçirir deyə, o artıq dayanmayacaq. Yəni son, belə deyək, həddə qədər gedəcək ki, birincisi, psixoloji cəhətdən də öz üstünlüyünü təsdiqləsin və digər tərəfdən də bütün Avropada olan, Qərbdə olan Ukraynanın müttəfiqlərinə göstərsin ki, təşəbbüsü birdəfəlik ələ keçirib və onu əldən də verməyəcək”.

Politoloq bildirib ki, indiki şəraitdə Kiyev üçün ən yaxşı vəziyyət yalnız və yalnız atəşkəsin elan olunması ola bilər. Burada da ya Amerika qabağa düşsün, ya bir başqa neytral ölkə, bəlkə də Türkiyə düşsün ki, onlar Rusiyanı dilə gətirsinlər, yola gətirsinlər ki, gəlin atəşi dayandırın:

“Ama hər halda indi Ankaranın da özünün son təşəbbüslərindən biri ondan ibarət oldu ki, cəbhəxanasında olan, onun özünə lazım olmayan raket qurğularını, sonra bütün o atəş vasitələrini Ukraynaya versin. Bilmirəm, indi Rusiyada bax, bu məsələyə münasibət necədir, hər halda ki, münasibət yaxşı olmayacaq, çünki mənfi olmalıdır. Və burada artıq Türkiyənin rəhbərliyi nə qədər Rusiyanı inandırmağa çalışsa ki, o, neytral, qərəzsiz bir mövqedən çıxış edir bu münaqişədə, artıq mən elə başa düşürəm ki, onun arqumenti inandırıcı olmayacaq.

Və ən yaxşı halda o raketlər də artıq Ukrayna tərəfindən alınıb istifadəyə veriləcək. Və sonra nə? Yəni Türkiyənin özünün də belə bir istehsal qabiliyyəti, qüvvəsi yoxdur ki, desin, mən proseslərdə Ukraynaya zamin dururam, ona kömək eləyəcəyəm ki, o öz mövqelərini artıq təslimə məhkum etməsin. Ama çətindir, vəziyyət çətindir. Hiss edirəm ki, indi Rusiya ələ keçirdiyi üstünlüyü artıq əldən verməyəcək və bu da Ukrayna üçün heç bir yaxşı bir şey vəd etmir. Özü də söhbət ondan gedir ki, proseslər üzü qışa gedir və qışda da, birincisi, qazın qiymətləri tüğyan edir Ukraynada, sonra soyuqlardan insanlar artıq demək olar ki, baş götürüb gedirlər, hətta imkanları olmasa belə, müxtəlif vasitələrlə Ukraynanı tərk edirlər ki, heç olmasa minimal həyat imkanlarından istifadə edərək özlərini təmin etsinlər. Yəni Ukraynanın bir növ çox kritik bir dönəmi, mənə elə gəlir ki, hələ irəlidədir və o da qış fəsliylə, mövsümüylə əlaqədar olacaq”.

//Gülnarə Abasova, Editor.az