Bakıya mesaj göndərdilər, liderləri təkzib etdi – Daha bir abidəmiz hədəfdəbackend

Bakıya mesaj göndərdilər, liderləri təkzib etdi – Daha bir abidəmiz HƏDƏFDƏ 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Patriarxlığının Qax rayonunda yerləşən Kürmük məbədi ilə bağlı açıqlaması gərginliyə səbəb olub. Məlumatda qeyd olunur ki, son günlərdə Kurmuxidəki Müqəddəs Georgi kilsəsində və onun tarixi Hereti şəhərindəki ərazisində davam edən işlər barədə mediada yayılan məlumatlar, foto və video materiallar narahatlıq doğurur.

Sitat:

“Düzdür, Kürmux Katedrali hazırda Azərbaycan Respublikasının ərazisində yerləşir, lakin ölkəmizin və Kilsənin tarixi və mənəvi irsinin çox vacib bir abidəsidir. Təbii ki, bu fakt cəmiyyətimizdə kəskin reaksiyaya və haqlı qəzəbə səbəb olub ki, bu da iki qonşu dövlət və xalq arasında mehriban qonşuluq münasibətlərinin və əməkdaşlığın möhkəmləndirilməsi prosesinə mənfi təsir göstərir”.

Doğrudur, Patriarxlıq Kürmük məbədinin hazırda Azərbaycan ərazisində yerləşdiyini qəbul edir, lakin abidəni Gürcüstanın və Gürcüstan kilsəsinin tarixi-mənəvi irsinin mühüm hissəsi kimi də təqdim edir. Eyni zamanda, məbəddə və onun ətrafında aparılan işlərin Gürcüstan tərəfi ilə razılaşdırılmadığını bildirir, Azərbaycan dövlət qurumlarından görülən işlər barədə məlumat istəyir və prosesdə Gürcüstan Patriarxlığının nümayəndələri ilə mütəxəssislərinin iştirakını tələb edir.

Əslində, məsələni sırf dini və mədəni müstəvidən çıxarıb siyasi edən də bu tələblərdir. Çünki bir abidənin hər hansı xalq üçün tarixi və mənəvi əhəmiyyət daşıması ilə həmin abidə üzərində dövlət səlahiyyəti eyni anlayış deyil. Qaldı ki, Kürmük məbədi Azərbaycan Respublikasının Qax rayonunda yerləşir. Deməli, onun qorunması, bərpası, tədqiqi və ərazisində aparılan işlərə dövlət nəzarəti Azərbaycanın müvafiq qurumlarının səlahiyyətindədir.

Məbədin tarixi də gürcülərin dediyi kimi deyil. Düzdür, Kürmük XIX əsrin sonunda (1892–1894-cü illərdə) inşa edilsə də, daha qədim Alban məbədinin qalıqları üzərində ucalıb. Arxeoloji və etnoqrafik araşdırmalar burada daha qədim bütpərəstlik və ya Ay məbədinin olduğunu göstərir.

Gürcü əsilli dilçi alim Zaza Aleksidzenin fikrincə, Kürmük adı Udi dilində “kur” quyu, çuxur, çala mənasını verən sözdür, “mux” isə Qafqaz Albanlarının dilində çoxluq mənasını qatan şəkilçidir. Bu halda, gürcü dindarların iddiası yersiz və əsassızdır. XIX əsrin sonlarında Çar Rusiyası dövründə burada yeni kilsənin inşa edilməsi həmin ərazidə daha əvvəl mövcud olmuş tarixi və dini təbəqələri aradan qaldırmır.

Məsələyə Azərbaycan tərəfinin reaksiyası da gecikməyib. Azərbaycan Xarici İşlər Nazirliyi verdiyi son açıqlamada açıqca bildirib ki, Gürcüstan Patriarxlığı Ermənistan kilsəsinin yanaşmalarını təkrarlamasın. Qeyd edim ki, Ermənistanın siyasi və ictimai dairələrində də bir müddət öncə Gəncəsər və Xudavəng monastırları ilə bağlı bənzər yanaşmalar sərgilənmişdi.

İstər Ermənistan, istər Gürcüstan olsun, fərqi yoxdur, hər kəs bilməlidir ki, Azərbaycan ərazisində mövcud olan bütün tarixi, mədəni və dini abidələr Azərbaycan xalqının və dövlətinin milli irsinin ayrılmaz tərkib hissəsidir.

Sevindirici haldır ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze məsələyə aydınlıq gətirib. O, açıqlamasında Azərbaycanla Gürcüstan arasında heç bir gərginliyin olmadığını, iki ölkəni dostluq münasibətlərinin birləşdirdiyini və hökumətlər arasında bütün məsələlərin dostluq şəraitində müzakirə edildiyini bildirib.

Kobaxidzenin mövqeyi göstərir ki, Kürmük ətrafında yaranmış fikir ayrılığı iki dövlət arasındakı münasibətlərin ümumi siyasi xəttinə zərər vuracaq səviyyədə problem deyil.

Azərbaycanın Gürcüstan ilə heç bir problemi yoxdur. Hətta rəsmi Tbilisi Bakının regiondakı ən etibarlı tərəfdaşlarındandır. İki ölkə arasında iqtisadi, siyasi, diplomatik və hərbi əlaqələr ən üst səviyyədədir. Azərbaycan öz ərazisindəki tarixi abidələr məsələsində necə qərar vermək hüququna malikdirsə, Gürcüstan da öz ərazisində yerləşən irs obyektləri ilə bağlı eyni hüquqa malikdir. Bakı rəsmi Tbilisidən bu həssaslığı gözləyir. Bütün hallarda bu prinsipə fərqli yanaşma iki ölkə arasındakı münasibətlərdə gələcəkdə daha mürəkkəb presedentlər yarada bilər.

/Globalinfo.az/