Təhlükəsizlik zəncirinin ən həssas halqası backend

Təhlükəsizlik zəncirinin ən həssas halqası 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir klikdən, bir “yox”dan, bir yanlışdan başlayan sosial bəla 

Bir uşağın təhlükəsizliyi pozulduqda, əslində yalnız bir ailənin deyil, bütövlükdə cəmiyyətin təhlükəsizlik sistemində boşluq yaranır. Çünki uşaq yalnız ailənin övladı deyil, cəmiyyətin gələcəyidir. Onun necə böyüməsi, hansı dəyərlərlə formalaşması, hansı mühitdə təhsil alması, kimlərlə ünsiyyət qurması və təhlükələr qarşısında necə davranması sabahımızın müqəddəratını müəyyənləşdirir.  

Bu baxımdan “Uşaqların gələcəyi təhlükəsizlikdən başlayır” fikri sadəcə maarifləndirici şüar deyil. Bu, ailənin, məktəbin, dövlət qurumlarının və bütövlükdə cəmiyyətin üzərinə düşən konkret məsuliyyətin ifadəsidir.

Daxili İşlər Nazirliyinin Elm və Təhsil Nazirliyi ilə birgə bu mövzuda başlatdığı yeni təşəbbüs də mühüm çağırışdır və onun ictimaiyyətin bütün təbəqələri tərəfindən müzakirəsi, dəstəklənməsi, ictimai müzakirələrin təşkili sosial zərurətdir.

Müasir dünyada uşaqların qarşılaşdığı təhlükələrin coğrafiyası da genişlənib. Əvvəllər əsas diqqət küçə, məktəb və ictimai məkanlardakı fiziki təhlükələrə yönəlirdisə, indi uşağın otağında, əlindəki telefonda və istifadə etdiyi rəqəmsal platformalarda da risklər mövcuddur. Sosial şəbəkələr, tanımadıqları şəxslərlə ünsiyyət, kiberbulinq, manipulyativ məzmun, təhlükəli çağırışlar və zərərli qruplar uşağın psixoloji vəziyyətinə və davranışlarına təsir göstərə bilər.

Deməli, uşağın təhlükəsizliyi artıq yalnız “onu harada saxlayırıq?” sualı ilə ölçülə bilməz. Əsas sual budur: uşaq harada olmasından asılı olmayaraq təhlükəni tanıya və özünü qoruya bilirmi?

 

Uşaqlar susanda böyüklər eşitməlidir  

 

Zərərli vərdişlər də uşaqların gələcəyi üçün ciddi risklər sırasındadır. Narkotik vasitələr, tütün və nikotin məhsulları, alkoqol və digər sağlamlığa zərər verən vərdişlər yeniyetmələrə bəzən təhlükə kimi deyil, “maraq”, “cəsarət”, “dəb” və ya dostluq münasibətinin bir hissəsi kimi təqdim edilir.

“Bir dəfə sınamaqla nə olacaq?”, “hamı edir”, “dostum təklif etdi” kimi düşüncələr məhz burada təhlükəli dönüş nöqtəsinə çevrilə bilər. Ona görə profilaktikanın mahiyyəti yalnız “etmə” deməkdən ibarət olmamalıdır. Uşağa niyə etməməli olduğunu izah etmək, ona təzyiq qarşısında “yox” demək bacarığı qazandırmaq və çətin vəziyyətdə kimdən yardım ala biləcəyini göstərmək daha vacibdir.

Uşağın gününün böyük hissəsinin keçdiyi məktəb təhlükəsizlik sisteminin ən mühüm halqalarından biridir. Məktəbin vəzifəsi yalnız yüksək təhsil nəticəsi əldə etmək deyil. Məktəb uşağın özünü təhlükəsiz, dəyərli və hörmətli hiss etdiyi mühit olmalıdır. Bulinq, təhqir, hədələmə, alçaltma, sosial təcrid və zorakılıq “uşaqlar arasında adi münasibət” kimi qiymətləndirilməməlidir. Bəzən böyüklər üçün əhəmiyyətsiz görünən bir söz və ya davranış uşaq üçün ciddi psixoloji təzyiqə çevrilə bilər.

Müəllim burada xüsusi məsuliyyət daşıyır. Şagirdin davranışındakı dəyişiklik, dərsdə passivləşməsi, dostlarından uzaqlaşması və ya məktəbə münasibətinin dəyişməsi diqqətdən yayınmamalıdır. Hər dəyişiklik təhlükə demək deyil, lakin hər dəyişiklik diqqət tələb edir.

 

Qurumların məsuliyyəti – reaksiya deyil, profilaktika  

 

Uşaqların təhlükəsizliyinin təmin olunması bir qurumun üzərinə qoyula biləcək məsələ deyil. Problemin effektiv həlli üçün hər bir institut öz səlahiyyəti və imkanları daxilində konkret məsuliyyət daşımalıdır. Burada əsas prinsip sadədir: təhlükə ilə mübarizə yalnız hadisəyə reaksiya vermək deyil, onun yaranmasına səbəb olan riskləri əvvəlcədən müəyyənləşdirmək və qarşısını almaqdır.

Təhsil sistemi təhlükəsiz məktəb mühitinin formalaşdırılmasına, müəllimlərin və məktəb rəhbərlərinin riskləri müəyyən etmək bacarıqlarının artırılmasına, şagirdlərin zərərli vərdişlər və rəqəmsal təhlükəsizlik barədə maarifləndirilməsinə cavabdeh olan əsas institusional sahələrdəndir.

Hüquq-mühafizə orqanlarının, o cümlədən polisin məsuliyyəti uşaqların hüquqlarının və təhlükəsizliyinin qorunması, hüquqazidd əməllərin qarşısının alınması və baş verdikdə qanunvericiliyə uyğun tədbirlərin görülməsidir. Seviindiricidir ki, bu sahədə Daxili İşlər Nazirliyinin qurumlarının həm əməliyyat, həm profilaktik, həm də maarifçi təşviqat yönümlü fəaliyyəti uğurlu nəticələr verir.

Narkotiklərin yayılması, uşaqların cinayətkar fəaliyyətə cəlb edilməsi, zorakılıq, təhdid, istismar və bu kimi digər təhlükələr zamanı polis tərəfindən operativ müdaxilə ilə prosesin nəzarətə götürülməsi və mənfi gedişin qarşısının alınması kimi minlərlə fakt var. Bununla yanaşı, polis əməkdaşlarının məktəblərdə profilaktik görüşlər keçirməsi, uşaqlara hüquqlarını və təhlükə zamanı müraciət imkanlarını izah etməsi də mühüm istiqamətdir.

Lakin bunlar yetərlidirmi? Bu sahədə fəaliyyət yalnız Daxili İşlər Nazirliyinin üzərinə düşür? Bəs digər qurumlar, bəs cəmiyyət, bəs vətəndaş?..

Səhiyyə sistemi fiziki və psixoloji sağlamlıqla bağlı risklərin vaxtında müəyyənləşdirilməsində, uşaqların lazımi tibbi və psixoloji yardıma yönləndirilməsində mühüm rol oynaya bilər. Xüsusilə zərərli vərdişlərə meyil, asılılıq riski və ciddi psixoloji təzyiq hallarında erkən müdaxilə son dərəcə əhəmiyyətlidir.

Sosial xidmətlər isə riskin arxasında dayanan ailə və sosial problemlərin müəyyənləşdirilməsi və aradan qaldırılmasına yönəlməlidir. Çünki uşağın davranışında görünən problem bəzən onun özündən deyil, yaşadığı sosial və ailə mühitindən qaynaqlana bilər.

Cəmiyyətin məsuliyyəti isə bu problemin yalnız dövlət qurumlarının və ailələrin işi olmadığını qəbul etməkdən başlayır. Uşağın ətrafında baş verən təhlükəyə laqeyd münasibət bəzən problemin böyüməsinə şərait yaradır. Məktəb ətrafında, yaşayış məhəlləsində, ictimai yerlərdə və rəqəmsal məkanda uşaqlara qarşı təhlükə və ya zorakılıq müşahidə edən insanların buna biganə qalmaması, qanunvericiliyin imkan verdiyi çərçivədə aidiyyəti şəxslərə və qurumlara məlumat verməsi mühüm vətəndaşlıq məsuliyyətidir. Cəmiyyət eyni zamanda uşaqlar üçün sağlam sosial mühit formalaşdırmalıdır. İdman, mədəniyyət, yaradıcılıq, könüllülük və digər ictimai fəaliyyətlərə çıxış imkanlarının genişləndirilməsi uşaqların asudə vaxtının səmərəli təşkilinə və onların müsbət sosial əlaqələr qurmasına kömək edir.

Vətəndaş məsuliyyəti isə daha konkret bir davranış tələb edir: görmək, fərq etmək və susmamaq. Uşağın təhlükədə olduğunu bilən və ya buna əsaslı şübhəsi olan şəxs “mənə aid deyil” mövqeyi tutmamalıdır. Burada söhbət hər kəsin özbaşına müdaxilə etməsindən yox, təhlükə barədə düzgün kanallarla məlumat verməsindən gedir. Bəzən vaxtında verilən bir məlumat ciddi hadisənin qarşısını ala bilər.

 

Əsas məsələ – vahid müdafiə zənciri  

 

Polis təhlükəsizliyi və hüquqi müdaxiləni, səhiyyə sistemi tibbi və psixoloji yardımı, sosial qurumlar sosial dəstəyi, təhsil sektoru məktəb mühitini, ailə gündəlik nəzarət və etimadı, cəmiyyət və vətəndaşlar isə ictimai diqqət və məsuliyyəti təmin edir. Bu sahələr bir-birindən ayrı fəaliyyət göstərdikdə nəticə məhdudlaşa bilər. Əsas məqsəd isə uşağın ətrafında vahid müdafiə və erkən xəbərdarlıq sistemi yaratmaqdır.

Belə bir sistemdə məktəb risk əlamətini müəyyən edir, valideyn məlumatlandırılır, zərurət yarandıqda psixoloq və səhiyyə mütəxəssisi prosesə qoşulur, sosial problem varsa sosial xidmətlər cəlb edilir, hüquqi təhlükə yarandıqda polis və digər aidiyyəti qurumlar qanunvericiliyə uyğun tədbirlər görür. Cəmiyyət və vətəndaşlar isə bu sistemin ictimai nəzarət və məsuliyyət mühitini tamamlayır.

Beləliklə, uşağın təhlükəsizliyi bir qurumun deyil, bir-birini tamamlayan məsuliyyətlər sisteminin nəticəsinə çevrilir. Əsas məsələ məsuliyyəti bir-birinin üzərinə ötürmək yox, hər kəsin öz yerində vaxtında və düzgün addım atmasıdır. Çünki uşağın təhlükəsizliyi təmin olunanda yalnız bir uşaq deyil, onun ailəsi, məktəbi və bütövlükdə cəmiyyət qorunmuş olur.

 

Susmamaq da bir məsuliyyətdir  

 

Uşaqların təhlükəsizliyinə yalnız hadisə baş verdikdən sonra reaksiya vermək kifayət deyil. Əsl nəticə təhlükəni əvvəlcədən görmək, riskləri azaltmaq, ailəni məlumatlandırmaq, məktəbi gücləndirmək və dövlət qurumlarının fəaliyyətini vahid mexanizmə çevirməklə əldə olunur. Ailə uşağın ilk müdafiəçisi, məktəb onun gündəlik sosial mühitinin qoruyucusu, dövlət qurumları isə öz səlahiyyətləri çərçivəsində təhlükəsizliyin təminatçısıdır.

Bu tərəflərdən biri öz vəzifəsini vaxtında yerinə yetirmədikdə müdafiə zəncirində boşluq yaranır. Ona görə uşaqların təhlükəsizliyi haqqında danışarkən məsuliyyəti bir-birimizin üzərinə atmaq yox, hər kəsin öz yerində nə etməli olduğunu dəqiq müəyyənləşdirmək lazımdır. Bir uşağın vaxtında eşidilən sözü, vaxtında görülən təhlükəsi və vaxtında göstərilən dəstəyi bəzən onun bütün gələcəyini dəyişə bilər.

Uşaqların gələcəyi təhlükəsizlikdən, təhlükəsizlik isə diqqətdən, məsuliyyətdən, əməkdaşlıqdan və ən əsası, vaxtında atılan addımdan başlayır…

İxtiyar Hüseynli, 

əməkdar jurnalist, 

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın katibi