Yaponiya hökuməti ölkənin təhlükəsizlik siyasəti çərçivəsində nüvə silahından imtina prinsiplərinin qorunub-saxlanılması məsələsinə yenidən baxa bilər. Yaponiyanın müdafiə naziri Şiniciro Koizumi bildirib ki, bu məsələyə dair yekun siyasi qərarı Baş nazir Sanae Takaichi verəcək.
Editor.az xəbər verir ki, Koizumi bu barədə “BS Fuji” telekanalının efirində danışıb. Onun sözlərinə görə, ölkənin təhlükəsizlik sahəsində mövcud sənədlərinin yenidən nəzərdən keçirilməsi ilə bağlı son qərar baş nazirin səlahiyyətində olacaq. Nazir bildirib ki, nüvə silahına sahib olmaq, eləcə də sualtı qayıqların imkanları ilə bağlı məsələlərin müzakirəsindən yayınmaq olmaz.
“Bu məsələlər heç bir tabu və əvvəlcədən qəbul edilmiş qərar olmadan müzakirə edilməlidir”, – deyə Koizumi vurğulayıb.
O qeyd edib ki, təhlükəsizlik siyasətinə dair sənədlərin yenilənməsi ilə bağlı yekun siyasi qərarı Sanae Takaichi qəbul edəcək.
Bundan əvvəl, avqustun 25-də Rusiya Prezidentinin müşaviri və Şərq İqtisadi Forumu Təşkilat Komitəsinin məsul katibi Anton Kobyakov Yaponiyanın bir il ərzində nüvə silahı hazırlaya biləcəyini bildirmişdi. O, bu ehtimalı ölkədə militarizasiya prosesləri və təhlükəsizlik siyasətində baş verən dəyişikliklərlə əlaqələndirib.
Kobyakovun sözlərinə görə, Yaponiyanın baş naziri Sanae Takaichinin təhlükəsizlik və müdafiə məsələləri ilə bağlı açıqlamaları Tokionun ABŞ-ın regional və qlobal strategiyasında rolunun dəyişdiyini göstərir.
Yaponiya İkinci Dünya müharibəsindən sonra nüvə silahına malik olmamaq siyasətini formalaşdırıb. Ölkənin təhlükəsizlik siyasətində uzun illər ərzində “nüvə silahına sahib olmamaq, istehsal etməmək və ölkəyə gətirilməsinə icazə verməmək” prinsipləri əsas xətt kimi qəbul edilib.
Hazırda isə Yaponiyada təhlükəsizlik mühitində baş verən dəyişikliklər fonunda bu prinsiplərin gələcəyi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
//Gülnarə Abasova, Editor.az

