Böyük Britaniya hökuməti ölkədə sığınacaq alan miqrantların daimi yaşayış icazəsi üçün müraciət etməzdən əvvəl dövlətin onlar üçün çəkdiyi yaşayış xərclərinin bir hissəsini ödəməsini nəzərdə tutan yeni qayda hazırlayıb.
Editor.az bu barədə hökumətin açıqlamasına istinadən məlumat yayıb.
Təklifə əsasən, ödəmə yalnız maliyyə imkanları buna yol verən yetkin yaşlı miqrantlara şamil olunacaq. Maksimum məbləğin 10 min funt sterlinqə (təxminən 13,2 min ABŞ dolları) qədər olması nəzərdə tutulur. Hökumət bildirib ki, bu mexanizm tətbiq edilərkən şəxslərin maddi vəziyyətinin ağırlaşmasının qarşısını almaq üçün əlavə təminatlar da nəzərə alınacaq. Qaydalar geriyə şamil edilməyəcək.
Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin hesablamalarına görə, sığınacaq axtaran bir nəfərin müvəqqəti yaşayış məntəqəsində yerləşdirilməsi dövlətə orta hesabla sutkada 30,83 ABŞ dollarına, hotellərdə yerləşdirilməsi isə 190,96 ABŞ dollarına başa gəlir. Bundan əlavə, onlara həftəlik yaşayış ödənişləri də verilir. Ötən il sığınacaq axtaran şəxslərin yerləşdirilməsi və dəstəklənməsi üçün ümumi dövlət xərcləri təxminən 5,3 milyard ABŞ dolları təşkil edib.
//Gülnarə Abasova, Editor.az

