Polşanın dövlət müdafiə sənayesi holdinqi PGZ (Polska Grupa Zbrojeniowa) Ukrayna Silahlı Qüvvələrinin istifadəsində olan F-16 və MiQ-29 qırıcılarının təmiri, texniki xidməti və modernləşdirilməsi imkanlarını nəzərdən keçirir.
Editor.az xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin sədri və baş direktoru Adam Leşkeviç “Ukrinform” agentliyinə müsahibəsində bildirib.
Leşkeviçin sözlərinə görə, hazırda tərəflər Ukraynanın tərəfdaş ölkələr tərəfindən təhvil verilmiş F-16 və MiQ-29 təyyarələrinə texniki dəstəyin göstərilməsi ilə bağlı müzakirələr aparırlar.
O qeyd edib ki, PGZ artıq Ukrayna ilə sursat və raketlər üçün ayrı-ayrı komponentlərin istehsalı istiqamətində əməkdaşlıq edir. Bundan başqa, şirkət pilotsuz uçuş aparatları sahəsində əməkdaşlığı genişləndirmək, yeni texnologiyaların ötürülməsi və onların birgə istehsalı barədə razılığa gəlmək niyyətindədir.
Xatırladaq ki, Belçikanın müdafiə naziri Teo Franken daha əvvəl ölkəsinin 2026-cı il ərzində Ukraynaya yeddi ədəd F-16 qırıcısı təhvil verəcəyini açıqlamışdı. Bununla yanaşı, İsveç də əvvəlki nəsil JAS 39 Gripen C/D qırıcılarının Ukraynaya verilməsi barədə razılıq əldə edib. İlk təyyarələrin 2027-ci ildə çatdırılması, yeni Gripen E/F modellərinin isə 2030-cu ildən etibarən təhvil verilməsi planlaşdırılır.
//Gülnarə Abasova, Editor.az

