Qulağa hörümçək və ya digər həşəratın daxil olması zamanı onu maqqaş, pambıq çöpü və ya digər əşyalarla çıxarmağa çalışmaq ciddi fəsadlara səbəb ola bilər.
Editor.az xəbər verir ki, bu barədə otorinolarinqoloq Aliquseyn Əliyev məlumat verib.
Həkimin sözlərinə görə, belə hallarla həm uşaqlarda, həm də böyüklərdə tez-tez rast gəlinir. Xüsusilə bağ evlərində, kənd yerlərində və həşəratların çox olduğu ərazilərdə qulağa hörümçək, tarakan və digər canlıların düşməsi mümkündür.
Mütəxəssis bildirib ki, qulağa həşəratın düşməsi kəskin ağrı, hərəkət hissi, səs-küy, xışıltı və narahatlıq yarada bilər. Bəzi hallarda eşitmə kanalının dərisi, daha ağır vəziyyətlərdə isə qulaq pərdəsi zədələnə bilər.
Əliyev vurğulayıb ki, həşəratı barmaq, pambıq çöpü, maqqaş, sancaq və ya digər vasitələrlə çıxarmaq olmaz. Güclü ağrı, qulaqdan ifrazat gəlməsi və ya əvvəllər qulaq əməliyyatı keçirilməsi hallarında qulağı su ilə yumaq da tövsiyə edilmir.
Onun sözlərinə görə, əgər qulaqda həşəratın hərəkəti hiss olunursa və qulaq pərdəsinin zədələnməsinə şübhə yoxdursa, qulağa bir neçə damcı ilıq bitki və ya mineral yağı damızdırmaq olar. Həşərat hərəkətini dayandırdıqdan sonra isə mütləq LOR həkiminə müraciət edilməlidir.
Həkim əlavə edib ki, güclü ağrı, qulaqdan qan və ya irin gəlməsi, eşitmənin qəfil zəifləməsi, başgicəllənmə və ürəkbulanma müşahidə olunarsa, vaxt itirmədən tibbi yardım almaq lazımdır.
Mütəxəssisin sözlərinə görə, həkim müayinəsi zamanı həşərat xüsusi mikroalətlər və ya vakuum aspirasiya üsulu ilə bir neçə dəqiqə ərzində təhlükəsiz şəkildə çıxarılır. Bundan sonra ehtiyac yaranarsa, eşitmə kanalı emal edilir və müvafiq müalicə təyin olunur.
//Gülnarə Abasova, Editor.az

