İsrailin müdafiə naziri İsrael Kats yaxın günlərdə İranla müharibənin yenidən başlaya biləcəyini mümkün hesab edir.
Oxu.Az “Ynet” portalına istinadən xəbər verir ki, bu barədə Kats israilli jurnalistlər üçün keçirdiyi brifinqdə bəyan edib.
“Artıq sabah İranla müharibə vəziyyətində ola bilərik. Siyasətimizi təsdiqləyirəm: əgər İran İsrailə raket atarsa, İsrail İrana güclü zərbə endirəcək. Bu, bir neçə gün ərzində baş verə bilər. İsrail Müdafiə Ordusu bunu gözləyir və yüksək hazırlıq vəziyyətindədir”, – deyə Kats bildirib.
Onun fikrincə, İranla müharibənin bərpası üçün iki ssenari mövcuddur: “Birincisi, əgər Tramp danışıqların tükəndiyini qərara alsa və hücum etmək istəsə, ikincisi isə İraq və ya İran İsrailə hücum edərsə”.
Nazir qeyd edib ki, İsrail Prezident Trampa seçdiyi yolda mane olmaq istəmir.
“Bununla belə, əgər İran hücum edərsə, bu, üçüncü İran müharibəsi olacaq”, – deyə Kats əlavə edib.
Müdafiə nazirinin qənaətinə görə, İran, xüsusən də İsrailin Livana endirdiyi zərbələrə cavab olaraq İsrailə hücum etmək imkanlarını nəzərdən keçirir.

