Araşdırma: Yaşlı insanlar üçün ən effektiv və təhlükəsiz arıqlama üsulu müəyyən edilibbackend

Araşdırma: Yaşlı insanlar üçün ən effektiv və təhlükəsiz arıqlama üsulu müəyyən edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər müəyyən ediblər ki, yüksək intensivlikli interval məşqləri (HIIT) 70 yaşdan yuxarı insanların əzələ kütləsini qoruyaraq piy toxumasını azaltmaq baxımından ən effektiv fiziki fəaliyyət növüdür.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri Maturitas elmi jurnalında dərc olunub.  

Araşdırmada Avstraliyanın Böyük Brisben bölgəsindən 120-dən çox sağlam yaşlı könüllü iştirak edib. İştirakçılar altı ay ərzində həftədə üç dəfə idman zalında mütəxəssislərin nəzarəti altında məşq ediblər. Onların orta yaşı 72, bədən kütlə indeksi (BKİ) isə 26 kq/m² olub ki, bu göstərici 65 yaşdan yuxarı insanlar üçün normal hesab edilir.  

Tədqiqat zamanı iştirakçılar yüksək, orta və aşağı intensivlikli məşq proqramlarına bölünüblər. Nəticələr göstərib ki, hər üç proqram müəyyən qədər yağ kütləsinin azalmasına səbəb olsa da, yalnız yüksək intensivlikli interval məşqləri əzələ kütləsinin qorunmasını təmin edib. Orta intensivlikli məşqlər isə piyin azalması ilə yanaşı, əzələ kütləsində də cüzi itkiyə səbəb olub.  

Araşdırmanın rəhbəri, fizioloq doktor Qreys Rouz bildirib ki, qarın nahiyəsində toplanan visseral piy xroniki xəstəliklər riskini artıran əsas amillərdən biridir. Onun sözlərinə görə, həm yüksək, həm də orta intensivlikli məşqlər bel nahiyəsində piy göstəricilərinin yaxşılaşmasına kömək edib.  

Tədqiqatda istifadə olunan HIIT proqramı qısa müddətli, maksimum intensiv fiziki yüklənmələrin yüngül bərpa mərhələləri ilə növbələşməsindən ibarət olub. Alimlər hesab edirlər ki, bu cür məşqlər orqanizmə əzələ toxumasını qorumaq üçün daha güclü stimul verir. Bu isə yaşlı insanlarda sağlamlığın və müstəqil həyat tərzinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.  

//Gülnarə Abasova, Editor.az