ABŞ Prezidenti Donald Trampa ölkənin müstəqilliyinin 250 illiyi münasibətilə 321 təbii brilyantla bəzədilmiş eksklüziv qızıl üzük hədiyyə olunub.
Editor.az bu barədə xarici mediaya istinadla yazıb.
Məlumata görə, hədiyyə Belçikanın Antverpen Dünya Almaz Mərkəzi (AWDC) tərəfindən hazırlanıb. Üzüyün müəllifi Antverpenli zərgər və almaz ustası David Qotlibdir.
18 əyarlı qızıldan hazırlanan üzük 321 təbii brilyant və əlavə olaraq 75 qiymətli daşla bəzədilib. Zərgərlik məmulatının dizaynı ABŞ-da ən nüfuzlu idman mükafatlarından sayılan Super Bowl çempionluq üzüklərindən ilhamlanaraq hazırlanıb və ABŞ-ın 250 illik yubileyinə həsr olunub.
AWDC-nin açıqlamasında bildirilir ki, bu hədiyyə həm də Belçika ilə ABŞ arasında tarixən formalaşmış ticarət əlaqələrinin rəmzi kimi qiymətləndirilir.
Üzük ABŞ-ın Belçikadakı səfiri Bill Uayt tərəfindən qəbul edilib. Diplomat belə dəyərli hədiyyəyə görə təşəkkürünü bildirərək, ABŞ tərəfinin bu jestdən böyük qürur duyduğunu vurğulayıb.
//Gülnarə Abasova, Editor.az

