Ceyranbatanda 10 şagird zəhərləndi: Məktəbdən və TƏBİB-dən açıqlamabackend

Ceyranbatanda 10 şagird zəhərləndi: Məktəbdən və TƏBİB-dən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbdə şagirdlərin özlərini pis hiss etməsi ilə bağlı hadisə baş verib. İlkin məlumatlara görə, 10 şagirdin zəhərləndiyi ehtimal olunur. Onların popkorndan zəhərləndiyi də iddia edilir.

Editor.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə zamanı məktəb rəhbərliyi dərhal hərəkətə keçərək təcili tibbi yardım xidmətinə məlumat verib. Hazırda şagirdlərin vəziyyətinin pisləşməsinə səbəb olan amillər araşdırılır.

TƏBİB-dən verilən açıqlama

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bu gün saat 15:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ceyranbatan qəsəbəsindəki məktəbdən çağırış daxil olub.

Məlumata əsasən, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib və 8 nəfərə hadisə yerində tibbi yardım göstərilib.

Məktəb rəhbərliyi və AQTA-dan açıqlama

Məktəbin rəhbərliyi məsələni dərhal nəzarətə götürdüyünü və müvafiq qurumlarla əlaqə saxlanıldığını bildirib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, məktəbdə 10 şagirdin zəhərlənməsi ilə bağlı məlumat qurum tərəfindən nəzarətə götürülüb və hazırda araşdırılır.

Şagirdlərin popkorndan zəhərləndiyi barədə yayılan məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib. Hadisənin hansı səbəbdən baş verdiyi və şagirdlərin səhhətinin pisləşməsinə nəyin səbəb olduğu araşdırmanın nəticələrindən sonra dəqiqləşəcək.