E vitamini diabet zamanı beyin hüceyrələrini zədələnmədən qoruya bilərbackend

E vitamini diabet zamanı beyin hüceyrələrini zədələnmədən qoruya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinli alimlər E vitamininin şəkərli diabetlə əlaqəli beyin zədələnməsinin qarşısının alınmasındakı mümkün rolunu araşdırıblar. E vitamini şəkərli diabetlə əlaqəli beyin hüceyrələrinin zədələnməsindən qorunmağa kömək edə və koqnitiv pozuntular riskini potensial olaraq azalda bilər.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu nəticə çinli tədqiqatçıların mövcud elmi araşdırmaları təhlil etməsi nəticəsində əldə olunub. Şəkərli diabet yaddaş, diqqət və təfəkkürlə bağlı problemlərin yaranma riskini artırır. Bu prosesin mümkün səbəbləri arasında oksidləşdirici stress, xroniki iltihab, insulin siqnallarının ötürülməsində pozuntular və beyin damarlarının zədələnməsi yer alır.

Alimlər yağda həll olunan antioksidant olan E vitamininin bu proseslərə təsirini araşdırıblar. E vitamini hüceyrə membranlarını zədələnmədən qorumaq xüsusiyyətinə malikdir.

Heyvanlar və hüceyrələr üzərində aparılan bəzi təcrübələr göstərib ki, vitaminin müəyyən formaları oksidləşdirici stressi və iltihabı azalda, sinir hüceyrələri arasındakı əlaqələri dəstəkləyə və insulinə həssaslığı yaxşılaşdıra bilər. Həmçinin onun beyin damarlarının fəaliyyətinə mümkün müsbət təsirləri müəyyən edilib.

Tədqiqatçılar E vitamininin diabetli insanlarda beyin sağlamlığının qorunması baxımından perspektivli istiqamət olduğunu bildirirlər. Bununla belə, nəticələrin böyük hissəsi laboratoriya təcrübələrinə və heyvanlar üzərində aparılan tədqiqatlara əsaslanır.

İnsanlar üçün uyğun vitamin formalarının və dozalarının müəyyənləşdirilməsi məqsədilə əlavə araşdırmalara ehtiyac var.

Alimlər E vitamini əlavələrinin uzunmüddətli istifadəsinin təhlükəsizliyinin ayrıca qiymətləndirilməsinin vacibliyini də vurğulayırlar. Belə ki, yüksək dozalar əlavə təsirlərə səbəb ola və bəzi dərmanlarla qarşılıqlı təsirə girə bilər.

//Gülnarə Abasova, Editor.az