Oktyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir. Gün ərzində əsasən yağmursuz hava proqnozlaşdırılsa da, gecə və səhər saatlarında bəzi ərazilərdə az yağış yağa bilər.
Editor.az-ın Milli Hidrometeorologiya Xidmətinə istinadən verdiyi məlumata görə, paytaxt və Abşeron yarımadasında küləyin istiqaməti də dəyişəcək. Gecə və səhər şimal-şərq küləyi əsəcək, gündüz isə onu cənub-şərq küləyi əvəz edəcək.
Bakıda və Abşeronda gecə temperatur 12-14 dərəcə, gündüz isə 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 766 millimetr civə sütunu, nisbi rütubətin isə 65-75 faiz təşkil edəcəyi bildirilir.
Azərbaycanın bəzi rayonlarında oktyabrın 30-da fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensiv xarakter alacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.
Yüksək dağlıq ərazilərdə qar yağması, bəzi yerlərdə isə duman müşahidə edilməsi mümkündür. Rayonlarda mülayim şərq küləyi əsəcək.
Aran rayonlarında gecə temperaturun 11-14 dərəcə, gündüz isə 16-19 dərəcə isti olacağı proqnozlaşdırılır. Dağlıq ərazilərdə gecə 0-5 dərəcə, gündüz isə 5-9 dərəcə isti gözlənilir.

