Jurnalistləri döyən şəxsləri hansı cəza gözləyir?backend

Jurnalistləri döyən şəxsləri hansı cəza gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda məktəblilərdən birinin ölümü ilə bağlı hadisəni işıqlandırmaq istəyən “Real” TV-nin çəkiliş qrupu hücuma məruz qalıb.

Hadisə Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə baş verib. Məktəbin 7-ci sinif şagirdi pəncərədən yıxılaraq həyatını itirib. Hadisə barədə çəkiliş aparmaq üçün məktəbə yollanan televiziya əməkdaşları ərazidə hücumla üzləşiblər. Məktəbin qarovulçusunun təkidindən sonra bir qrup şəxs çəkiliş qrupuna hücum edib. Nəticədə operator müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Maraqlıdır, bəs görəsən, sözügedən insidenti törədənləri hansı cəza gözləyir?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, baş verən hadisədə cinayət əlamətləri olan açıq zorakılıq faktı var və buna hüquqi qiymət verilməlidir:

“Jurnalistlərin qanuni peşə fəaliyyətinə maneçilik, onlara qarşı tətbiq edilən zorakılıq və sağlamlığa vurulan zərər birlikdə araşdırılmalıdır. Cinayət Məcəlləsinin 163-cü maddəsi jurnalistin zorakılıq və ya zorakılıq hədəsi ilə məlumat yaymağa, yaxud yaymamağa məcbur etmə halları da hüquqi baxımdan qiymətləndirilməlidir.

Xəsarətlərin dərəcəsi məhkəmə-tibbi ekspertizası ilə müəyyənləşdirilməli, sağlamlığa zərər vurulması faktı müvafiq cinayət-hüquqi normalar əsasında qiymətləndirilməlidir. Qrup halında xuliqanlıq əlamətləri müəyyən edildikdə, şəxslərin Cinayət Məcəlləsinin 221-ci maddəsinin müvafiq bəndləri ilə məsuliyyətə cəlb edilməsi də mümkündür”.

Onun sözlərinə görə, iştirakçıların şagird olması da məsuliyyəti istisna etmir:

“Ümumi qaydaya əsasən, cinayət məsuliyyəti 16 yaşdan yaranır. Qəsdən sağlamlığa ağır və ya az ağır zərərvurma, eləcə də müəyyən ağırlaşdırıcı hallarda xuliqanlıq kimi cinayətlərə görə isə 14 yaşdan məsuliyyət nəzərdə tutulur. Hər bir iştirakçının yaşı və konkret rolu ayrıca nəzərə alınmalıdır.

Məktəbin mühafizəçisinin hücuma cəhd etməsi ilə bağlı jurnalistin açıqlaması da ciddi araşdırılmalıdır. Araşdırma yalnız zərbə vuran şəxslərlə məhdudlaşmamalı, zorakılığı təşkil edən və ya ona təhrik edən şəxslərin olub-olmadığı da müəyyənləşdirilməlidir. Təhlükəsizliyə cavabdeh şəxsin belə hərəkətlərdə iştirakı ilə bağlı iddialara xüsusi diqqət yetirilməlidir”.

Hüquqşünas əlavə edib ki, bu hadisə məktəblərdə mühafizənin təşkili məsələsinə yenidən baxılmasını zəruri edir:

“Həmin şəxsin kim tərəfindən və hansı vəzifəyə təyin edildiyi, hazırlığı, vəzifə öhdəlikləri və fəaliyyətinə nəzarət məsələləri araşdırılmalıdır. Özəl mühafizə şirkətinin xidmət göstərib-göstərmədiyi dəqiqləşdirilməlidir.

Nazirlər Kabinetinin 20 iyul 2020-ci il tarixli 209 nömrəli qərarında dövlət məktəblərinin baş mühafizə idarəsinin mühafizə hissələri tərəfindən müqavilə əsasında həyəcan siqnalizasiyası vasitəsilə mühafizəsi nəzərdə tutulub. Bu mexanizmin tətbiqi, sistemlərin vəziyyəti və mühafizəçilərin hazırlığı yoxlanılmalıdır. Məktəblərdə daimi fiziki mühafizənin müqavilə əsasında təşkili imkanları da genişləndirilməlidir.

Aidiyyəti təhsil qurumları və Daxili İşlər Nazirliyi bu məsələni birgə qiymətləndirməli, maliyyələşmə, kadr təminatı və məsuliyyət bölgüsü məsələlərini müzakirə etməlidirlər. Özəl mühafizə xidmətlərindən istifadə edən təhsil müəssisələrində şirkətlərin fəaliyyətinə nəzarət gücləndirilməlidir. Qanunvericilikdə xüsusi hazırlıq və işə qəbul məsələləri ilə bağlı aidiyyəti orqanların məlumatlandırılması tələbləri mövcuddur.

Məktəblərdə işləyəcək mühafizəçilərin işə başlamazdan əvvəl aidiyyəti daxili işlər orqanları ilə əlaqəli şəkildə yoxlanılması mexanizminin tətbiqini məqsədəuyğun hesab edirəm. Bu şəxslər uşaqlarla davranış, münaqişələrin qarşısının alınması və böhran vəziyyətlərində düzgün hərəkət etmək üzrə hazırlıq keçməlidirlər. Məktəblərdə təhlükəsizliyə cavabdeh şəxslərin peşəkarlığı və müvafiq bacarıqları əsas şərtlərdən olmalıdır. Eyni zamanda, Elm və Təhsil Nazirliyinin müvafiq qurumları tərəfindən məktəblərdə intizamın möhkəmləndirilməsi istiqamətində də fəaliyyət gücləndirilməlidir”.

Xatırladaq ki, Cinayət Məcəlləsinin 163-cü maddəsinə görə jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olunması hüquqi məsuliyyət yaradır.

Belə ki, jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etməyə görə, əməli törədən şəxslər 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə məsuliyyətə cəlb olunacaq.

Cinayət Məcəlləsinin 221-ci maddəsinə görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər 1000 manatdan 3000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza tətbiq olunur.

Qeyd olunan əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda isə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma nəzərdə tutulur.