Səudiyyə Ərəbistanı Türkiyəyə öz ərazisində hərbi bazanın yaradılması ilə bağlı rəsmi təklif göndərib.
“Hürriyet” qəzetinin məlumatına görə, bu baza Türkiyənin Qətərdəki mövcud hərbi bazasının modeli əsasında formalaşdırıla bilər.
Qətərdəki Türkiyə hərbi bazası 2015-ci ildən ikitərəfli saziş əsasında fəaliyyət göstərir.
Açıq mənbələrin məlumatına görə, orada 3 minə yaxın türk hərbçisi yerləşdirilib. Baza birgə təlimlər və Qətər Silahlı Qüvvələrinin şəxsi heyətinin hazırlanması üçün istifadə olunur.
Səudiyyə Ərəbistanında bazanın yaradılması məsələsinə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiəyə dair Məkkə sazişi Türkiyə parlamenti tərəfindən ratifikasiya edildikdən sonra baxıla bilər.
Sənəd bu həftə Xarici İşlər Komissiyasından keçib, indi isə parlament tərəfindən bütövlükdə təsdiqlənməlidir.
Qanunverici orqan həmçinin xaricə hərbçilərin göndərilməsi haqqında mandat verməli və əgər türk millət vəkilləri bunu zəruri hesab edərlərsə, bazanın yaradılması ilə bağlı ayrıca sənəd qəbul etməlidir.
“Hürriyet”in məlumatına görə, yeni təhlükəsizlik konsepsiyası çərçivəsində Türkiyə ikitərəfli sazişlər və müxtəlif alyanslarda əldə olunmuş razılaşmalar əsasında müxtəlif qitələrdə, xüsusilə Afrika və Asiyada hərbi iştirakını genişləndirməyi nəzərdən keçirir. Bu, həm də ABŞ-ın 2027-2028-ci illərdə Yaxın Şərqdə birbaşa hərbi iştirakını azaltmaq planları ilə bağlıdır. “Yeni dövrdə Türkiyənin məqsədi hərbi potensialından yalnız öz sərhədlərini qorumaq üçün deyil, həm də təhlükəsizlik maraqlarının olduğu müxtəlif regionlarda çəkindirici effekt və diplomatik nüfuz yaratmaq üçün istifadə etməkdir”, – deyə qəzet yazır.
Hazırda Türkiyənin 12 ölkədə hərbi bazası var. Bunlardan ən böyüyü Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) yerləşir və orada 30 mindən çox hərbi kontingent dislokasiya olunub. Türkiyənin, həmçinin Qətər, İraq, Suriya, Somali, Liviya və bir sıra digər ölkələrdə də hərbi bazaları mövcuddur.
Musavat.com

