2026-cı il dünya çempionatının 1/4 final mərhələsində keçirilməsi planlaşdırılan Norveç – İngiltərə oyununun vaxtının dəyişdirilməsi gündəmə gəlib.
Editor.az xəbər verir ki, məlumata görə, qarşılaşmanın keçiriləcəyi gün bölgədə müşahidə olunacaq ekstremal hava şəraiti səbəbindən matçın təxirə salınması ehtimalı var. Sinoptiklər havanın temperaturunun 34 dərəcəyədək yüksələcəyini, yüksək rütubət səbəbindən isə hiss olunan temperaturun 43 dərəcəyə çatacağını proqnozlaşdırırlar. Bundan əlavə, güclü göy gurultulu yağışların olacağı da gözlənilir.
Qarşılaşmanın iyulun 12-də ABŞ-ın Mayami şəhərində yerləşən “Hard Rock Stadium”da keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunur. Turnir tarixində ilk dəfə olaraq mundialda 48 milli komanda mübarizə aparır.
//Gülnarə Abasova, Editor.az

