“Dərsliklər ictimaiyyəti narahat edən məsələdir. Milli Məclisdə bu məsələlər dəfələrlə müzakirə olunub, rəy hazırlanıb və nazirliyə təqdim edilib”.
Editor.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Bəxtiyar Əliyev komitənin bu gün keçirilən 2026-cı il payız sessiyasının ilk iclasında deyib.
O bildirib ki, yeni kurikulumlar yeni tələblər də qoyur, amma praktikada biz görürük ki, zaman sürətlə irəliləyir, yeni peşələrə ehtiyaclar duyulur:
“Peşə standartları dəyişir. Ona görə də peşə standartlarına uyğun təhsil standartları da dəyişir. Amma biz baxırıq ki, həmin peşə standartları və təhsil standartları özü də gecikdiyi üçün həm də elə o yeni peşələrə uyğun yeni dərsliklərin hazırlanmasında da problemlər meydana çıxıb. Bunlar bir-birilə əlaqəli olan məsələlərdir”.

