Şəkidəki faciənin birbaşa şahidi, Coşqun Məmmədovun nişanlısı danışdıbackend

Şəkidəki faciənin birbaşa şahidi, Coşqun Məmmədovun nişanlısı danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəkidə baş verən və iki nəfərin ölümü ilə nəticələnən faciənin birbaşa şahidi, qurbanlardan birinin nişanlısı Nazlı xanım hadisənin dəhşətli təfərrüatlarını danışıb.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, həmin gün Coşqun, Ucal, Şəbnəm və Nazlı zipline-ın birinci mərhələsini heç bir problemlə qarşılaşmadan keçiblər. İkinci mərhələdə əvvəlcə Şəbnəm yola salınıb və təhlükəsiz şəkildə qarşı tərəfə çatıb. Ardından Coşqun xəttə buraxılıb, Nazlı isə kadrlarda xatirə qalması üçün prosesi videoya çəkmək məqsədilə sonda qalıb.

Lakin faciəyə səbəb olan əsas qayda pozuntusu məhz bu məqamda baş verib: Coşqun hələ xəttin sonuna çatmamış qarşı tərəfdən Ucal da yola salınıb. Başqa sözlə, eyni anda eyni tros xətti üzərində iki nəfər hərəkət edib.

“Coşqun əl yellədi, bir neçə saniyə sonra isə…”
Hadisənin baş verdiyi anları xatırladan şahid bildirib ki, Coşqun ona əl yellədikdən dərhal sonra qəfil sola doğru meyllənib və tros qırılıb. Güclü zərbənin təsirindən yola çıxmağa hazırlaşan Nazlı xanım da yerə yıxılıb, lakin xoşbəxtlikdən ciddi xəsarət almayıb.

Faciənin vaxtı sənədləşdirilib: Saat 14:44-də çəkilən son fotoşəkilin vaxt göstəricisi bu dəhşətli anı təsdiqləyir. Qəza baş verdikdən dərhal sonra işçilərin rabitə cihazından eşidilən “Kömək edin, qolum sındı” səsi Nazlını ümidləndirib. O, bu səsin Coşqun olmadığını düşünüb və onun sağ qalacağına inanıb. Lakin saat 15:08-də həmin əraziyə çatanda artıq gec olub: “Onun mələk üzü, mavi gözləri mən ora çatanadək açıq idi” – deyə Nazlı xanım göz yaşları ilə bildirib.

“Təcili yardım gec gəldi”
Bu zaman gözləri Ucal və Şəbnəmi axtaran şahid bir müddət sonra Ucalın asfalt üzərinə düşdüyünü görüb. Onun sözlərinə görə, Ucal bir müddət həyatda olub, lakin təcili tibbi yardım maşını əraziyə gec çatıb: “Bəyaz, nurlu üzü olduğu kimi idi, amma başının arxasından qan axırdı…”

Nazlı xanım sonda bu fikirləri səsləndirib:

“Yüksəklikdə işləyən kişiyə baxıb yazığımız gəlmişdi, hətta ona əlavə pul verməyi düşünmüşdük. Amma axırda özüm yazıq oldum… İnsan həyatı üzərindən biznes quranlar anlamalıdırlar: qazandığınız hər 25 manatın arxasında sizə etibar edib o trosdan asılan bir insan var. O insan pulunu verməklə həyatını da bir neçə dəqiqəlik sizin məsuliyyətinizə verir. Bu məsuliyyətin qiyməti 25 manat deyil. İnsan həyatıdır.”