Yeni “brutto müqavilə” modelinə əsasən, artıq daşıyıcılara qət edilən məsafəyə və xidmətin keyfiyyətinə görə ödənişlər ediləcək. Marşrut üzrə avtobusların sayı, hərəkət intervalı, qət ediləcək məsafə və digər xidmət göstəriciləri əvvəlcədən müəyyənləşdiriləcək. Uzunmüddətli planlaşdırma imkanları artacaq. Bu isə avtobus parkının yenilənməsinə, müasir və ekoloji təmiz nəqliyyat vasitələrinin alınmasına, texniki xidmətin yaxşılaşdırılmasına və xidmət keyfiyyətinə daha çox investisiya yatırılmasına imkan verəcək.
Bəs məsafədən asılı ödəniş qiymət artımına səbəb ola bilərmi?
Editor.az xəbər verir ki, əsələ ilə bağlı Oxu.Az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu günə qədər daşıyıcı şirkətlər, sərnişinlərin sayı nə qədər çox olarsa, bir o qədər çox da qazanc əldə edə bilirdilər, indi isə belə olmayacaq.

O əlavə edib ki, sərnişinlərin sayından asılı olmayaraq onlar vəzifələrini yerinə yetirməlidirlər:
“Sərnişinlərə keyfiyyətli xidmət təklif etməlidirlər. Həmçinin günün müəyyən saatlarında işləməlidirlər.
Sərnişinlər üçün də müsbət məqam odur ki, onlar uzun müddət avtobus gözləməyəcəklər.
Bu sistemin fəlsəfəsi odur ki, daşıyıcı şirkətlər nə qədər çox hərəkət edəcəklərsə, bir o qədər subsidiyalar ala biləcəklər. Ümumilikdə keyfiyyət yüksəlir, daha təhlükəsiz sistem qurulur. Maksimal məsafəyə görə gediş haqqının artırılması məsələsinə gəldikdə isə hazırda rəsmi qərar yoxdur. Gələcəkdə ödəniş məsafəyə və vaxta görə də hesablana bilər. Bu hələ ki ekspertlər çərçivəsində müzakirə edilir. Konkret plan şəklində hazırlanmayıb”.

