Yaxşı və keyfiyyətli yuxu üçün axşam saatlarında qəbul edilən qidaların seçiminə diqqət yetirmək vacibdir. Mütəxəssisin sözlərinə görə, ideal axşam yeməyi asan həzm olunan zülal və yaşıl tərəvəzlərdən ibarət olmalıdır.
Editor.az bu barədə xarici mediaya istinadla yazıb.
Həkim bildirir ki, axşam yeməyində balıq, dəniz məhsulları, hinduşka, toyuq döşü, omlet və 5–9 faiz yağlı kəsmik kimi məhsullara üstünlük vermək olar. Tərəvəzlər arasında isə balqabaq, brokoli, gül kələmi, ispanaq, kahı, xiyar və bibər məsləhət görülür. Bu qidaların həm toxluq hissi yaratdığı, həm də həzm sistemini yükləmədən orqanizmi lazımi maddələrlə təmin etdiyi qeyd olunur.
Mütəxəssis axşam saatlarında sadə karbohidratların həddindən artıq qəbulunun yuxuya mənfi təsir göstərə biləcəyini bildirir. Şirin un məmulatları, ağ düyü, kartof və bəzi makaron növləri qanda şəkərin sürətli dəyişməsinə səbəb olaraq gecə saatlarında aclıq hissinin yaranmasına və yuxunun pozulmasına gətirib çıxara bilər.
Yağlı yeməklərlə bağlı da xəbərdarlıq edilir. Pitsa, kartof qızartması, pelmeni və digər ağır qidaların həzmi bir neçə saat çəkə bilər. Belə yeməklərdən qısa müddət sonra yatmaq mədə turşusunun qida borusuna qayıtması və gecə yanmasının yaranması riskini artıra bilər.
Həkim axşam yeməyi ilə yuxu arasında təxminən 3–4 saat vaxt saxlanılmasını tövsiyə edir. Məsələn, saat 23:00-da yatılırsa, axşam yeməyinin 19:00–20:00 aralığında qəbul edilməsi məsləhət görülür.
Mütəxəssis yatmazdan 1,5–2 saat əvvəl çay, qəhvə, qazlı içkilər və çox miqdarda maye qəbulunun məhdudlaşdırılmasını da tövsiyə edir. Alkoqolun isə “yuxuya kömək etdiyi” fikrinin yanıltıcı olduğu vurğulanır: onun təsiri ilə insan daha tez yuxuya gedə bilsə də, dərin yuxunun müddəti azala və səhər yorğunluq hissi yarana bilər.
Beləliklə, sağlam yuxu rejimi yalnız yatmaq saatından deyil, həm də günün son qidasının vaxtı və tərkibindən asılı ola bilər.
//Gülnarə Abasova, Editor.az

