Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib. Dövlət başçısı tədbirdə çıxış edib.
Editor.az Globalinfo-ya istinadla xəbər verir ki, Azərbaycan iqtisadiyyatında uzun illər əsas müzakirə mövzularından biri neft və qazdan asılılığın azaldılması, qeyri-neft sektorunun daha böyük iqtisadi çəkidə formalaşdırılması və ölkənin malik olduğu təbii resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətləndirilməsi olub. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər göstərir ki, bu məsələyə artıq yalnız ayrı-ayrı mədənlərin istismarı və yeni yataqların kəşfi kimi baxılmır. Burada daha geniş iqtisadi modelin formalaşdırılması məqsədi görünür. Yəni yataqların aşkarlanması, filizin çıxarılması, zənginləşdirilməsi, emalı, yarımfabrikat və son məhsul istehsalı eyni sənaye zəncirinin daxilində birləşdirilməlidir. Prezident İlham Əliyevin ifadəsi ilə desək, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək.
Ümumiyyətlə, filizi xammal formasında ixrac edən ölkə ilə həmin filizdən metal, yarımfabrikat və sənaye məhsulu istehsal edən ölkənin iqtisadi gəliri arasında ciddi fərq yaranır. İqtisadiyyat naziri Mikayıl Cabbarovun təqdim etdiyi Dövlət Proqramının əsas məqsədini, “Daha çox xammal hasil etmək deyil, bu, xammalı ölkə daxilində daha çox emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır”, – sözləri ilə ifadə etməsi də proqramın əsas mahiyyətini açıq şəkildə ortaya qoyur. Deməli, qarşıdakı mərhələdə mədən sənayesinin uğuru təkcə hasilat rəqəmləri ilə ölçülməyəcək, hasil olunan resursun ölkə daxilində nə qədər emal edilməsi, hansı yeni sənaye sahələrini hərəkətə gətirməsi və ixracın strukturuna nə qədər təsir göstərməsi daha böyük əhəmiyyət daşıyacaq.
2027–2030-cu illər üçün müəyyənləşdirilən rəqəmlər də diqqət çəkir. Dövlət Proqramına əsasən, dağ-mədən və metallurgiya sektorunun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Bunun üçün dörd il ərzində 5,3 milyard manat investisiya planlaşdırılır. Nəzərdə tutulan vəsaitin təxminən 80 faizinin büdcədənkənar mənbələr hesabına formalaşdırılması planlaşdırılır. Bu isə dövlətin prosesə start verən, istiqaməti müəyyənləşdirən və əsas infrastrukturu formalaşdıran aktor olmaqla yanaşı, özəl kapitalın və borc maliyyəsinin də sistemə daxil edilməsini nəzərdə tutduğunu göstərir.
Azad olunan ərazilər üçün yeni plan
İşğaldan azad edilmiş ərazilərin Dövlət Proqramında xüsusi yer alması da diqqət çəkən məqamlardandır. Belə ki, Kəlbəcər, Ağdərə, Zəngilan və digər ərazilərdə yerləşən qızıl, mis və molibden yataqlarının iqtisadi dövriyyəyə daxil edilməsi ilə yanaşı, zənginləşdirmə və emal müəssisələri də qurulacaq. Prezidentin dediyi kimi: “İşğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun inkişafı, orada məşğulluğun artırılması daha sürətlə gedəcək”.
Prezident İlham Əliyev həmçinin qeyd edib ki, son 20 ildə əsas infrastruktur layihələrinin icrası nəticəsində ölkənin enerji və qaz təminatı sahəsində əvvəlki vəziyyət köklü şəkildə dəyişib. Onun sözlərinə görə, qazlaşmanın səviyyəsi 96 faizə çatıb, Azərbaycan 25 milyard kubmetrdən çox qaz ixrac edir və elektrik enerjisi üzrə də böyük generasiya potensialı yaradılıb. Bu infrastruktur bazası indi yeni sənaye sahələrinin inkişafı üçün əlavə imkan yaradır. Yəni əvvəl qurulmuş enerji və nəqliyyat infrastrukturu yalnız öz sahəsində nəticə yaratmır, sonrakı sənayeləşmə mərhələsinin də təməlini formalaşdırır.
Məhz buna görə Prezidentin çıxışında, “Azərbaycan bu gün nəinki öz tələbatını tam təmin edir, eyni zamanda, bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib”, – fikri yalnız enerji sektorunun mövcud vəziyyətinin təsviri deyil. Daha ətraflı desəm, enerji təhlükəsizliyi və enerji ixracından əldə olunan imkanlar yeni sənaye sektorlarının inkişafına baza yaradır.
Bununla yanaşı, proqramın qəbul edilməsinin əsas səbəblərindən biri də Azərbaycan iqtisadiyyatının qarşılaşdığı struktur çağırışdır. Prezidentin öz çıxışında qeyd etdiyi kimi, cari ildə ümumi iqtisadi artımın 1,2 faiz səviyyəsində olmasının əsas səbəblərindən biri əsas neft yatağında hasilatın təbii olaraq azalmasıdır. Eyni zamanda, qeyri-neft sektorunda 8 ay ərzində 5,4 faiz artımın qeydə alındığı vurğulanır. Buradan aydın görünür ki, iqtisadi artımın gələcək dinamikası getdikcə daha çox qeyri-neft sektorunda yaradılacaq yeni istehsal imkanlarından asılı olacaq.
Azərbaycan üçün yeni istiqamət
Dağ-mədən və metallurgiya sənayesinin seçilməsi də məhz bu kontekstdə məntiqli görünür. Çünki Azərbaycan bu sahədə həm resurs bazasına, həm enerji imkanlarına, həm nəqliyyat infrastrukturuna, həm də regional bazarlara çıxış imkanlarına malikdir. Dövlət Proqramında Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi, Bakı Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Azad İqtisadi Zonası və sənaye parklarının mövcudluğu potensial üstünlüklər kimi göstərilir. Bu imkanlar birlikdə götürüldükdə, Azərbaycan üçün yalnız xammal hasil edən ölkə deyil, regionun müəyyən mineral resurslarının emal olunduğu sənaye mərkəzi olmaq perspektivi yaranır.
Məsələnin geosiyasi tərəfi də burada ortaya çıxır. Qlobal iqtisadiyyatda enerji keçidi, elektromobillik, enerji saxlama sistemləri, yarımkeçiricilər və süni intellekt infrastrukturu strateji minerallara tələbi artırır. Deməli, mis, alüminium, sink, qızıl və digər metalların əhəmiyyəti yalnız klassik metallurgiya ilə məhdudlaşmır. Yeni texnologiyaların inkişafı bu resursları strateji iqtisadi aktivə çevirir. Azərbaycanın bu bazara daxil olması üçün isə təkcə yataqların mövcudluğu kifayət etmir; hasilat və emal zəncirinin ölkə daxilində qurulması əsas şərtə çevrilir.
Elə Prezidentin, “Əgər əhəmiyyətli dərəcədə aşkarlanarsa, bu resursları sadəcə olaraq filiz kimi dünya bazarlarına çıxarmaq səhv olar”, – fikri də proqramın ən mühüm siyasi-iqtisadi tezislərindən biridir. Bu cümlə, əslində, bütün Dövlət Proqramının mahiyyətini bir neçə sözlə ifadə edir. Azərbaycan artıq resursun sadəcə çıxarılıb satılmasından daha çox gəlir əldə edən, həmin resursu ölkə daxilində emal edən və sonrakı mərhələlərdə əlavə dəyər yaradan modelə keçidi hədəfləyir.
“Filizçay” yatağı ilə bağlı Prezidentin mövqeyi də bu strategiyanın necə tətbiq ediləcəyini göstərir. Prezident yatağın hazırlanması ilə bağlı işlərin tamamlanmasını və ilkin mərhələdə “AzerGold”un 100 faiz səhmdar olmasını məqsədəuyğun hesab etdiyini bildirir, daha sonra isə xarici investorların müəyyən faiz səviyyəsində cəlb edilə biləcəyini qeyd edir. Burada dövlətin əsas resurs üzərində strateji nəzarəti saxlaması ilə xarici kapitaldan istifadə arasında model qurmaq cəhdi görünür. Yəni xarici investorun iştirakı dövlətin strateji maraqlarını əvəz edən mexanizm kimi deyil, layihənin maliyyə və texnoloji imkanlarını genişləndirən vasitə kimi nəzərdən keçirilir.
Nəticə etibari ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə ölkə iqtisadiyatının bu günü və gələcəyinə dair mühüm fikirlər, planlar ilə yadda qaldı.


