Azərbaycanla Ermənistan arasında sülh prosesinin gələcək perspektivləri fonunda İrəvandan gələn siyasi bəyanatlar və konstitusiya islahatları ilə bağlı müzakirələr diqqət mərkəzində qalır. Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, dayanıqlı sülhün təmin olunması üçün Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əməl etməsi, Azərbaycana qarşı ərazi iddialarına hüquqi müstəvidə son qoyulması və mümkün revanşist meyillərin qarşısının alınması vacibdir. Bu baxımdan, sülh müqaviləsinin imzalanma müddəti ilə bağlı səsləndirilən fərqli fikirlər Ermənistanın real siyasi niyyətləri və regionda uzunmüddətli sabitliyin təmin olunması məsələsini yenidən gündəmə gətirir.
Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Ermənistanda zaman-zaman ziddiyyətli fikirlər və sülh prosesini uzatmaq niyyətləri müşahidə olunur:
“Doğrudur, bir neçə gün öncə Nikol Paşinyan sülh müqaviləsinin 2031-ci ilə qədər bağlanacağını söyləmişdi. Amma o, dünən brifinqdə bəyan etdi ki, sülh müqaviləsi daha tez bağlana bilər, hətta 2029-cu ili gözləmədən də imzalana bilər və konstitusiya layihəsini ictimai müzakirəyə çıxarmaq niyyətindədir. Yəni hazırda Azərbaycanla Ermənistan arasında əsas maneə sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsinə dair referendumun keçirilməsidir. Azərbaycan Ermənistan hakimiyyəti ilə deyil, erməni cəmiyyəti ilə müqavilə bağlamaq istəyir. Erməni cəmiyyətində revanşist əhval-ruhiyyənin mövcud olduğunu bildiyimizdən, Azərbaycanın mövqeyi də bu baxımdan belədir.
Nəzərə alsaq ki, Ermənistanda son dövrlər, yəni 44 günlük müharibədən uzaqlaşdıqca, insanların yaddaşında müəyyən dəyişikliklər baş verir, onlar həmin ağır və sarsıdıcı məğlubiyyəti unutmağa başlayıblar və revanşist əhval-ruhiyyə artır. Biz bunu seçkilərin nəticələrində də gördük. Belə ki, əvvəlki seçkilərdə cəmi 26 faiz səs alan revanşistlər bu dəfə 40 faizə yaxın səs aldılar.
Bu baxımdan, düşünürəm ki, Ermənistan hakimiyyəti məsələlərin ciddiliyini anlayır. Doğrudur, Azərbaycan Prezidenti də dəfələrlə bildirib ki, biz sülh müqaviləsi olmadan da yaşaya bilərik. Amma eyni zamanda Azərbaycan onu da bildirir ki, Ermənistan ərazisində özünə qarşı yönələcək təhdidləri və təhlükələri müşahidə edir, diqqətlə izləyir və belə bir təhdid yaranacağı halda qabaqlayıcı tədbirlər həyata keçirilə bilər.
Bu baxımdan düşünürəm ki, Ermənistan hakimiyyətində hər halda rasional düşünən şəxslər də var və onlar prosesin uzanmasının heç də Ermənistanın maraqlarına uyğun olmadığını başa düşürlər”.
//Gülnarə Abasova, Editor.az

