Ermənistanın baş naziri Nikol Paşinyanın konstitusiya islahatları reallaşmasa, növbədənkənar parlament seçkilərinə gedilə biləcəyi barədə açıqlaması hakimiyyət düşərgəsində narahatlıq yaradıb.
Editor.az-ın “Joxovurd” qəzetinə istinadən verdiyi məlumata görə, iqtidara yaxın mənbələr hakimiyyət nümayəndələrinin gələcək siyasi taleləri ilə bağlı narahatlıqlarının artdığını bildiriblər.
Nəşrin yazdığına görə, hakim komandadakı bir çox şəxs qarşıdakı illərdə vəzifələrini qoruyacaqlarını və ən azı dörd-beş il ərzində siyasi mövqelərinin təhlükə altında olmayacağını düşünürdü. Paşinyanın son bəyanatı isə bu gözləntilərin dəyişə biləcəyinə dair siqnal kimi qiymətləndirilib.
Məlumata əsasən, hakimiyyət daxilində ən azı üç ayrı qrupda məsələ ilə bağlı gərgin müzakirələr aparılıb. İqtidar nümayəndələri baş nazirin növbəti addımlarının nədən ibarət ola biləcəyini və mümkün seçkilərə hazırlığın vacib olub-olmadığını dəyərləndirməyə çalışıblar.
Qəzetin məlumatında qeyd olunur ki, Paşinyanın sərt qərar qəbul edərək növbədənkənar seçki təyin etməsi ehtimalı hakim komandasındakı narahatlığı daha da artırıb. Bununla belə, hazırda seçkinin keçiriləcəyi ilə bağlı rəsmi qərar açıqlanmayıb.

