9 aydır avtomobillərini gözləyir: 22 maşın üçün 92 min dollar ödənilibbackend

9 aydır avtomobillərini gözləyir: 22 maşın üçün 92 min dollar ödənilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-dan Azərbaycana avtomobil daşınması ilə məşğul olan “Azad Logistics and Shipping” şirkətinin fəaliyyəti ilə bağlı şikayətlərin sayı artır. Müştərilər pul ödədiklərini, lakin sifariş etdikləri avtomobilləri aylarla gözləmələrinə baxmayaraq təhvil ala bilmədiklərini iddia edirlər.

Editor.az-ın “Yeni Sabah”a istinadən məlumatına görə, son iki gündə redaksiyaya şirkətdən şikayət edən çoxsaylı şəxslər müraciət ediblər.

Şikayətçilərdən biri 22 avtomobilin Azərbaycana gətirilməsi üçün ümumilikdə 92 min dollar ödədiyini, lakin doqquz aydır maşınlarını ala bilmədiyini bildirib. Onun sözlərinə görə, ödənişi şirkətin şəriklərindən biri kimi təqdim etdiyi Taleh Eminova edib.

Şikayətçinin iddiasına əsasən, avtomobillərin bir hissəsi hələ ABŞ-dan yola salınmayıb, 10-u isə Gürcüstanın Poti limanında gözləyir. O, avtomobillərin çatdırılması üçün əlavə olaraq hər maşına görə 1 400 dollar tələb edildiyini də iddia edir.

Müştəri məsələ ilə bağlı polisə müraciət etdiyini, lakin hələlik nəticə əldə etmədiyini bildirib. O, ya avtomobillərin təhvil verilməsini, ya da ödədiyi vəsaitin geri qaytarılmasını tələb edir.

400-ə yaxın avtomobil Poti limanında qalıb

Məlumata görə, ABŞ-dan Azərbaycana gətirilməsi nəzərdə tutulan təxminən 400 avtomobil iki aya yaxındır Gürcüstanın Poti limanında saxlanılır.

Bunun səbəbinin “Azad Logistics and Shipping” şirkətinin ABŞ-dakı tərəfdaşına təxminən 750 min dollar borcunun olması olduğu bildirilir. İddialara görə, ödəniş alınmadığı üçün xarici tərəf avtomobillərin təhvil verilməsinə mane olur.

Məlumatda şirkətin rəhbəri Ramil Tağızadənin ölkəni tərk etdiyi də iddia olunur. Bununla belə, bu məlumatın rəsmi təsdiqi təqdim edilməyib.

Hazırda avtomobillərini gözləyən müştərilər yaranmış problemin həllini, nəqliyyat vasitələrinin çatdırılmasını və ya pullarının qaytarılmasını istəyirlər. Şirkət rəhbərliyinin və adı çəkilən şəxslərin iddialara münasibəti barədə məlumat verilməyib.