Ukrayna Prezidenti Volodimir Zelenski Kanadaya səfəri zamanı ölkəsinin hava hücumlarından müdafiəsinin gücləndirilməsi üçün əlavə hərbi yardım istəyib.
Editor.az xəbər verir ki, Associated Press-in məlumatına görə, Zelenski Kanada Baş naziri Mark Karni ilə görüşündə xüsusilə Ukraynanın enerji infrastrukturunun qorunmasının vacibliyini vurğulayıb. Kiyevin əsas narahatlığı qarşıdakı qış aylarında Rusiya hücumlarının enerji sisteminə ciddi zərər vura bilməsidir.
Rusiya son dövrdə Ukraynaya qarşı ballistik raketlərdən və uzaqmənzilli dronlardan istifadəni artırıb. Eyni zamanda Ukrayna da Rusiyanın dərinliklərində yerləşən enerji və hərbi obyektlərə dron zərbələri endirir.
AP qeyd edir ki, müharibə artıq yalnız cəbhə xətti ilə məhdudlaşmır və hər iki tərəfin uzaqmənzilli hücum imkanları genişlənir.
//Samir Qurbanov, Editor.az

