Həkimdən xəbərdarlıq: Kifli pendir alarkən və yeyərkən bunlara diqqət edinbackend

Həkimdən xəbərdarlıq: Kifli pendir alarkən və yeyərkən bunlara diqqət edin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kifli pendirlər xüsusi texnologiya ilə hazırlandıqda və düzgün saxlanıldıqda insan sağlamlığı üçün təhlükə yaratmır. Lakin saxlama qaydalarının pozulması nəticəsində məhsulda arzuolunmaz mikroorqanizmlər və təhlükəli kif növləri yarana bilər.

Editor.az xəbər verir ki, bu barədə həkim Aleksandr Umnov məlumat verib.

Mütəxəssisin sözlərinə görə, kamamber, brie, rokfor və qorqonzola kimi pendirlərin hazırlanmasında xüsusi olaraq “nəcib kif” adlandırılan kif ştammlarından istifadə olunur. Bu məqsədlə, əsasən, ağ qabıq əmələ gətirən Penicillium camemberti və mavi damarlar yaradan Penicillium roqueforti kimi kif növlərindən yararlanılır.

Həkim bildirib ki, istehsal prosesində xüsusi texnologiya ilə istifadə olunan bu kif növləri təhlükəli mikotoksinlər əmələ gətirmir. Əksinə, onların bəzi növləri antibakterial xüsusiyyətlərə malik olmaqla pendiri digər arzuolunmaz mikroorqanizmlərdən qoruya bilər.

Bununla belə, Umnov xəbərdarlıq edib ki, hətta kifli pendirlərdə belə düzgün saxlanılmadığı təqdirdə “vəhşi kif” yarana bilər. Məhsulun üzərində qeyri-adi rəngli örtük, kəskin və xoşagəlməz qoxu, turş dad və ya selikli teksturanın yaranması pendirin xarab olmasına işarə edə bilər.

Həkimin sözlərinə görə, istehsal texnologiyasında kif nəzərdə tutulmayan məhsulların üzərində kif təbəqəsinin yaranması xüsusilə təhlükəlidir. Belə kiflər mikotoksinlər yarada bilər və bu halda məhsulun istehlak edilməsi tövsiyə olunmur. Eyni risk düzgün saxlanılmayan kifli pendirlər üçün də keçərlidir. Temperatur və rütubət rejiminin pozulması arzuolunmaz və potensial təhlükəli mikroorqanizmlərin, o cümlədən göbələklərin inkişafına səbəb ola bilər.

Mütəxəssis qeyd edib ki, bəzi insanlarda kif sporlarının müəyyən növlərinə və ya süd zülalına qarşı allergiya müşahidə olunur. Belə hallarda hətta “nəcib kif” istifadə olunan pendirlər də allergik reaksiyalara səbəb ola bilər. Bu reaksiyalar dəri səpkiləri, öskürək, burun axması və həzm sistemi ilə bağlı problemlərlə özünü göstərə bilər.

Həkim immun sistemi zəif olan şəxslərin, hamilə qadınların və azyaşlı uşaqların bu cür məhsullardan istifadə zamanı daha diqqətli olmalarını tövsiyə edib. Bundan əlavə, bəzi kifli pendirlərin duz və yağ tərkibinin yüksək olduğunu bildirən mütəxəssis arterial hipertenziyası, böyrək xəstəlikləri və artıq çəkiyə meyli olan şəxslərə bu məhsulları məhdud miqdarda istehlak etməyi məsləhət görüb.

Həkim, həmçinin pasterizə olunmamış süddən hazırlanan kifli pendirlərin bakterial infeksiya, o cümlədən listerioz riski daşıya biləcəyini vurğulayıb. Bu risk xüsusilə hamilə qadınlar, yaşlı insanlar və immun çatışmazlığı olan şəxslər üçün daha təhlükəli hesab olunur. 

//Gülnarə Abasova, Editor.az