Uzun müddət bel çantası daşımaq bəzi insanlarda bel ağrısına səbəb ola və onurğadan çıxan sinir köklərinin sıxılmasına gətirib çıxara bilər.
Editor.az xəbər verir ki, nevroloq Qalina Çudinskayanın sözlərinə görə, xüsusilə əzələlərin yorulması və uzunmüddətli statik yük fonunda bel çantası daşımaq onurğaya düşən təzyiqi artırır. Əgər insanda gizli osteoxondroz və ya fəqərəarası diskin protruziyası varsa, uzun müddət, xüsusilə də nahamar səthdə yerimək toxumalarda mikrotravmalara, şişkinliyə və sinir kökünün iltihabına səbəb ola bilər.
Mütəxəssis bildirir ki, yürüş zamanı bədənin həddindən artıq soyuması və istirahət zamanı narahat vəziyyətdə oturmaq da vəziyyəti ağırlaşdıra və kəskin bel ağrısına səbəb ola bilər.
Həkim güclü ağrı yarandıqda fiziki hərəkəti dayandırmağı, düz və sərt səthdə oturmağı və əks göstəriş olmadığı halda ağrıkəsici preparatlardan istifadə etməyi tövsiyə edib. Ağrıyan nahiyəyə soyuq kompres tətbiq etmək də məsləhət görülür.
Bununla yanaşı, bel ağrısı ayaqda keyimə, ayaq pəncəsində zəiflik və ya sidik ifrazında pozuntu ilə müşayiət olunarsa, bu, sinirlərin ciddi şəkildə sıxılmasının əlaməti ola bilər. Belə hallarda təcili tibbi yardım üçün həkimə müraciət etmək vacibdir.
Mütəxəssisin fikrincə, bel problemlərinin qarşısını almağın əsas yollarından biri əzələ korsetini gücləndirmək və fiziki yükü tədricən artırmaqdır. Bel çantasının çəkisini də mərhələli şəkildə artırmaq, orqanizmin siqnallarına diqqət yetirmək və ağrı yarandıqda yükü azaltmaq tövsiyə olunur.
//Gülnarə Abasova, Editor.az

