Abşeron rayonu, AAAF Park yaşayış kompleksinin 13 saylı binasının qarşısında yaranan antisanitar vəziyyət sakinlərin etirazına səbəb olub. Uzun müddətdir daşınmadığı iddia edilən məişət tullantıları binanın qarşısını zibilxanaya çevirib.
Editor.az xəbər verir ki, problemi ictimailəşdirmək üçün binada yaşayan uşaqlar əllərində müxtəlif şüarlar yazılmış plakatlarla aksiya keçiriblər. Onlar ərazidə yayılan kəskin qoxudan, çirkli mühitdən və həyətlərində rahat oynaya bilmədiklərindən şikayətləniblər.
Sakinlərin sözlərinə görə, zibil qalaqları həm sanitar-gigiyenik vəziyyəti pisləşdirir, həm də uşaqların sağlamlığı üçün təhlükə yaradır. Onlar aidiyyəti qurumlardan tullantıların təcili daşınmasını və problemin qısa zamanda həll edilməsini tələb edirlər.
Sakinlər bildirirlər ki, yaşayış binasının qarşısının zibil poliqonuna çevrilməsi yolverilməzdir və məsələ ilə bağlı məsul qurumların operativ tədbir görəcəyinə ümid edirlər.
//Samir Qurbanov, Editor.az



