“Bakı yenidən Ankara ilə Təl-Əviv arasında körpü ola bilər”- Politoloqdan mühüm açıqlamabackend

“Bakı yenidən Ankara ilə Təl-Əviv arasında körpü ola bilər”- Politoloqdan mühüm açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın regional və beynəlxalq münasibətlər sistemində artan siyasi çəkisi fonunda Bakı ilə yaxın tərəfdaşlıq münasibətləri olan ölkələr arasında yaranan fikir ayrılıqları da diqqət çəkir. Xüsusilə Türkiyə və İsrail kimi Azərbaycanın həm strateji müttəfiqi, həm də strateji tərəfdaşı olan iki dövlət arasında münasibətlərin gələcəyi baxımından Bakının mümkün diplomatik rolunun müzakirə olunması təsadüfi deyil. Azərbaycanın balanslı xarici siyasəti və müxtəlif tərəflərlə qurduğu etibarlı dialoq platformaları belə həssas məsələlərdə onun potensial vasitəçilik imkanlarını ön plana çıxarır.

Politoloq Elçin Xalidbəyli Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan artıq qlobal məkanda öz siyasi iradəsini qəbul etdirməyi bacaran bir dövlətə çevrilib:

“Rəsmi Bakı artıq həm Cənubi Qafqazda, həm Yaxın Şərqdə, həm də Ukrayna savaşı ətrafında cərəyan edən proseslərdə siyasi iradə mərkəzlərindən biri kimi çıxış etməyə başlayıb. Bu da Azərbaycan dövlətinin qlobal məkanda yüksələn nüfuzunun ən real əlamətlərindən biridir. Yaxın Şərq savaşının başlanmasından dərhal sonra Rəsmi Bakı bəyan etmişdi ki, savaşın dayandırılması və mövcud problemlərin danışıqlar masası arxasında müzakirə edilərək həll edilməsi daha doğru yoldur.

Eyni zamanda, Türkiyə-İsrail münasibətlərinə də Rəsmi Bakının birbaşa və ciddi təsir imkanları mövcuddur. Vaxtilə Türkiyə və İsrail arasında kəskin ziddiyyətlərin olduğu bir şəraitdə Azərbaycan bu gərginliyə birbaşa müdaxilə etmişdi və Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasına nail olmuşdu. Ancaq sonradan Yaxın Şərqdə hərbi-siyasi böhranın dərinləşməsi İsrail və Türkiyə arasındakı münasibətlərin yenidən pozulmasına səbəb oldu.

Türkiyə Azərbaycanın strateji müttəfiqidir. İsrail isə Azərbaycanın strateji tərəfdaşıdır. Yəni hər iki ölkə ilə qarşılıqlı münasibətlər Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Ona görə də Rəsmi Bakı bu iki önəmli tərəfdaşının arasındakı gərginliyin davam etməsində qətiyyən maraqlı deyil. Bu səbəbdən də bəzi məsələlərdə Rəsmi Bakı situasiyanın normallaşdırılmasına yönəlmiş qətiyyətli və prinsipial addımlar atır”.

Onun sözlərinə görə, İsraildə erməni soyqırımının tanınmasına yönəlik proses başladılarkən də Azərbaycan prosesə müdaxilə edib və bunun qarşısını alıb:

“Üstəlik, bu barədə məlumatlar məhz İsrail mənbələrindən sızdı. İsrail mənbələri bildirdilər ki, məhz Azərbaycanın müdaxiləsindən, siyasi-diplomatik təmaslarından sonra rəsmi Təl-Əviv erməni soyqırımının tanınmasına yönəlik addımları və prosesi blokladı. Bu da onu göstərir ki, Azərbaycanın İsraillə münasibətləri qarşılıqlı anlaşma şəraitində davam edir və rəsmi Təl-Əviv Rəsmi Bakının mövqeyini nəzərə alır.

Böyük ehtimalla, Türkiyə və İsrail arasındakı indiki qarşıdurma vəziyyətinin aradan qaldırılmasında da Azərbaycanın xüsusi rolu ola bilər. Bir müddət əvvəl iki ölkənin diplomatlarının Bakıda görüşünün keçirilməsinə nail olunmuşdu. Ancaq Yaxın Şərqdəki situasiya hələlik Türkiyə və İsrailin mövqelərində kəskin ziddiyyətləri ön planda saxlayır. Ona görə də hesab etmək olar ki, Rəsmi Bakı bu istiqamətdə öz fəaliyyətini bundan sonra da davam etdirəcək və ola bilər ki, yaxın gələcəkdə Türkiyə və İsrail münasibətlərinin normal məcraya yönəldilməsində Azərbaycan öz töhfəsini vermiş olacaq.

Ancaq hələlik Yaxın Şərqdə hərbi-siyasi böhran olduqca ciddi problemlər yaratdığından, Türkiyə və İsrail arasındakı ziddiyyətlərin davam etməsi qətiyyən istisna deyil. Belə hesab etmək olar ki, Yaxın Şərqdəki hərbi-siyasi böhran nizamlandıqca Rəsmi Bakı Türkiyə və İsrail arasındakı münasibətlərin normallaşmasına da öz töhfəsini verə bilər”.

// Gülnarə Abasova, Editor.az