TRIPP marşrutu ilə bağlı müzakirələr regionda nəqliyyat-kommunikasiya xətlərinin gələcəyi ətrafında yeni qiymətləndirmələrə səbəb olub. Ekspertlərin fikrincə, layihənin uğurla reallaşması yalnız texniki məsələlərdən deyil, həm də tərəflərin üzərlərinə götürdükləri öhdəliklərə sadiqliyindən asılıdır. Politoloq Tofiq Abbasov hesab edir ki, Azərbaycan üçün prioritet məsələ regionda kommunikasiyaların açılması və layihənin praktik müstəvidə işlək mexanizmə çevrilməsidir.
Politoloq Tofiq Abbasov Editor.az-a açıqlamasında bildirib ki, TRIPP layihəsi ilə bağlı əsas məsələ onun artıq işlək vəziyyətə gətirilməsidir:
“Təbii ki, burada ən azı üç ölkənin – Azərbaycanın, Ermənistanın və Amerika Birləşmiş Ştatlarının maraqları hazırda müəyyən nöqtədə kəsişir. Son məlumatlara görə, ABŞ-da yaşayan Sakolov adlı iş adamı – yəhudi, erməni və rus əsilli şəxs – bu layihədə iştirak edir. Onun biznes qrupu və müxtəlif şirkətlərdə payları var. Ermənistan tərəfi də müəyyən layihələr çərçivəsində ona maliyyə dəstəyi ayırır ki, layihənin reallaşması sürətləndirilsin.
Azərbaycan üçün əsas məsələ isə başqadır. Hazırda Ermənistanın rəsmi şəxsləri, o cümlədən Baş nazir Nikol Paşinyan, iqtisadiyyat naziri Gevorq Papoyan və digərləri bildirirlər ki, bu prosesdə Azərbaycanın rolu yoxdur və məsələ yalnız ABŞ-Ermənistan formatında həll oluna bilər. Əslində isə onlar öz rollarını süni şəkildə şişirtməyə çalışırlar və sanki Azərbaycanın bu layihədə iştirak etmədiyi görüntüsünü yaratmaq istəyirlər.
Halbuki Zəngəzur dəhlizinin bir layihə kimi meydana çıxması Azərbaycanın böyük xidmətidir. Xatırlayırsınızsa, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Zəngəzur dəhlizi məsələsi ilk dəfə öz əksini tapdı. Bu, Azərbaycanın tarixi Qələbəsinin məntiqi nəticəsidir.
Əgər Azərbaycan Ermənistan üçün bu əlverişli şəraiti yaratmasaydı, Ermənistan uzun illər dalan vəziyyətində qalacaqdı. Onlar nə deyirlərsə desinlər, Azərbaycan üçün əsas məqsəd bölgədə kommunikasiyaların açılmasıdır. Bunun üçün ölkəmiz işğalçı siyasətə son qoyub, ərazi bütövlüyünü bərpa edib. Bizim üçün vacib olan Azərbaycanın əsas hissəsindən Naxçıvana, oradan isə Avropaya uzanan nəqliyyat marşrutlarının açılmasıdır.
Azərbaycan bununla marşrutların şaxələndirilməsi imkanlarını ortaya qoyur və Ermənistana göstərir ki, hələ də oyundankənar vəziyyətdə ola-ola əsassız iddialarla çıxış etməyin heç bir əsası yoxdur. Ermənistan açıq şəkildə etiraf etməlidir ki, Azərbaycan onun üçün əlverişli geosiyasi şərait yaradıb və bu imkanlardan ilk növbədə elə Ermənistanın özü faydalanır.
Baxın, biz tranzit imkanlarımızı açmışıq, Ermənistana yanacaq veririk. Bütün bunları görə-görə, onlar hələ də guya müstəqil şəkildə hansısa ‘Sülh kəsişməsi’ layihəsi irəli sürdüklərini iddia edirlər. Bunların hamısı siyasi oyunbazlığın ayrı-ayrı təzahürləridir.”
Politoloqun sözlərinə görə, Azərbaycan olmasaydı, Ermənistan əvvəlki kimi ağır iqtisadi və nəqliyyat blokadası şəraitində qalacaqdı:
“Buna baxmayaraq, biz bu barədə çox danışmırıq. Əksinə, 8 noyabr Zəfərindən sonra üzərimizə düşən bütün məsuliyyəti yerinə yetirmişik. Hazırda məsələ Ermənistanın üzərində qalıb. O, üzərinə götürdüyü öhdəlikləri icra etməli, TRIPP layihəsinin və Zəngəzur dəhlizinin işlək vəziyyətə gəlməsi üçün lazımi addımları atmalıdır.
Ermənistan bunu etsə də, etməsə də, bu layihə gec-tez reallaşacaq. Hesab edirəm ki, Azərbaycan bu prosesdə həm təmkin, həm də alicənablıq nümayiş etdirir. Eyni zamanda, Ermənistan üçün yaratdığı əlverişli şəraitin dəyərini də yaxşı bilir, sadəcə bunu daim qabartmağa ehtiyac duymur. Əsas odur ki, layihə işlək vəziyyətə gəlsin”.
//Gülnarə Abasova, Editor.az

