“Fənərbağça”nın və Türkiyə millisinin futbolçusu İsmayıl Yüksək uzun müddətdir birlikdə olduğu memar Esen Matraşla möhtəşəm toy mərasimi ilə ailə həyatı qurub.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün toyundan sonra sosial şəbəkələrdə paylaşdıqları romantik fotolar böyük maraq doğurub.
İsmayıl Yüksək paylaşımında həyat yoldaşına müraciətlə “Həyatımıza ən xüsusi imzanı atdıq. Bu xoş günümüzdə yanımızda olan ailələrimizə, şahidlərimizə, dostlarımıza və bütün sevdiklərimizə ürəkdən təşəkkür edirik. Həyatıma xoş gəldin, bir ömür yanaşı…” sözlərini yazıb.
Lakin toy sevincinin ardından gözlənilməz qalmaqal yaşanıb.
Məlum olub ki, Esen Matraş 1990-cı illərin tanınmış pop müğənnisi və Matraş Dəri ailəsinin varisi Emre Matraşın qızıdır. İddialara görə, Esen uzun illərdir münasibətdə olmadığı atasının adını nikah zamanı çəkməyib. Nikah məmurunun “Atanızın adı?” sualına isə ögey atası Anıl Karaerin adını bildirib.
Bu hadisədən sonra Emre Matraş sosial şəbəkədə açıqlama yayaraq nikahı qəbul etmədiyini bildirib.
O, “İllərdir sosial şəbəkədən istifadə etmirəm. İlk dəfə bu məsələ ilə bağlı hesab açdım. Qızım Esenin evliliyini qətiyyən etibarlı hesab etmirəm. Çünki nikah zamanı ata adı soruşulanda “Anıl” deyilib. Qızımın atasının adı Emre Matraşdır. Nikahı qeydə alan şəxslərin də araşdırılmasını istəyirəm. Bu hadisəni qəbul edə bilmirəm. İsmayılın və ailəsinin qızımı məndən istəməsi lazım idi”, – deyə bildirib.
Qeyd edək ki, İsmayıl Yüksək və Esen Matraş məsələ ilə bağlı hələlik açıqlama verməyiblər.

