Həkim xəbərdarlıq etdi: Divanda yatmaq bel ağrılarını gücləndirə bilərbackend

Həkim xəbərdarlıq etdi: Divanda yatmaq bel ağrılarını gücləndirə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nevroloqun sözlərinə görə, divanda uzun müddət yatmaq xroniki ağrıların şiddətlənməsinə və düzgün olmayan bədən duruşuna səbəb ola bilər.

Divanda yatmağın onurğanın əyriliyinə və ciddi bel problemlərinə mütləq səbəb olduğu barədə geniş yayılmış fikir tam olaraq doğru deyil. Lakin divanın uzunmüddətli yuxu üçün uyğun olmaması bel və onurğa sağlamlığına mənfi təsir göstərə bilər.

Editor.az xəbər verir ki, həkim-nevroloq və refleksoterapevt Marqarita Pavlovanın sözlərinə görə, əksər divanlar gündəlik yatmaq üçün deyil, oturmaq məqsədilə hazırlanır. Bu səbəbdən onların səthi bəzən həddindən artıq yumşaq və ya sərt olur, həmçinin ayrı-ayrı hissələr arasında yaranan birləşmələr yuxu zamanı bədənin düzgün vəziyyətdə qalmasına maneə yarada bilər.

Nəticədə onurğa kifayət qədər dəstək almır, əzələlər tam boşala bilmir və fəqərələrarası disklərə düşən yük bərabər paylanmır.

Bu vəziyyətdə insan səhərlər boyun nahiyəsində sərtlik, bel ağrısı, kürək və çiyin əzələlərində gərginlik hiss edə bilər. Uyğun olmayan şəraitdə yatmaq aylarla və ya illərlə davam etdikdə isə mövcud onurğa problemlərinin kəskinləşməsi, xroniki ağrıların yaranması və bədən duruşunun pozulması riski arta bilər.

Həkim xüsusilə vurğulayıb ki, sağlam yetkin insanda divanda yatmaq öz-özlüyündə skolioza səbəb olmur. Lakin bu vərdiş funksional pozuntuların yaranmasına və artıq mövcud olan bel problemlərinin daha da ağırlaşmasına şərait yarada bilər.

Osteoxondroz, fəqərələrarası yırtıq və xroniki bel ağrılarından əziyyət çəkən şəxslərə, eləcə də dayaq-hərəkət sistemi hələ formalaşmaqda olan uşaqlara və yeniyetmələrə yatdıqları yerə xüsusi diqqət yetirmək tövsiyə olunur.

Əgər divanı dəyişmək hazırda mümkün deyilsə, onun vəziyyətinə diqqət yetirmək lazımdır. Yataq səthi mümkün qədər düz olmalı, hündürlük fərqləri və çökmüş hissələr olmamalıdır. Bəzi hallarda ortopedik topperdən istifadə səthi hamarlamağa və onurğaya düşən yükün daha bərabər paylanmasına kömək edə bilər.

Əgər yuxudan sonra mütəmadi olaraq bel ağrısı, yorğunluq, qol və ya boyun nahiyəsində keyimə yaranırsa və narahatlıq yalnız oyandıqdan bir neçə saat sonra keçirsə, yatmaq üçün istifadə olunan yeri dəyişdirmək barədə düşünmək və həkimə müraciət etmək lazımdır. Bəzən məhz narahat yataq səthi əzələlərdə xroniki gərginliyin əsas səbəblərindən biri ola bilər.

Həkimin fikrincə, sağlam insanın arabir divanda yatması, bir qayda olaraq, ciddi zərər vermir. Lakin divandan daimi olaraq tam hüquqlu yatağın əvəzi kimi istifadə etmək məsləhət görülmür.

Onurğa sağlamlığını qorumaq üçün yuxu zamanı bədənin düzgün vəziyyətdə olması, əzələlərin və bağların isə tam şəkildə dincələrək bərpa olunması vacibdir.

//Gülnarə Abasova, Editor.az