Alimlər uşaqlar üçün nəzərdə tutulan qidalarda gözlənilməz təhlükə aşkarlayıblarbackend

Alimlər uşaqlar üçün nəzərdə tutulan qidalarda gözlənilməz təhlükə aşkarlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Texas ştatında aparılan araşdırma nəticəsində uşaqlar üçün nəzərdə tutulan qida məhsullarının əhəmiyyətli hissəsinin ultraemal olunmuş olduğu və məhsulların təxminən yarısının ən azı bir qida göstəricisi üzrə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə cavab vermədiyi müəyyən edilib.

Editor.az xəbər verir ki, araşdırmanın nəticələri Amerika Qidalanma Cəmiyyətinin Nutrition 2026 konfransında təqdim olunub.

Texas Universitetinin Ostin şəhərindəki tədqiqatçısı Erin Hadson və həmkarı Marissa Burqermaster şəhərdə yerləşən 21 ərzaq mağazasında uşaqlar üçün satılan məhsulları araşdırıblar. Tədqiqat çərçivəsində 6–36 aylıq uşaqlar üçün nəzərdə tutulan 2 783 məhsul qiymətləndirilib. Araşdırmaya uşaq qidaları üçün xüsusi qarışıqlar, içkilər və ənənəvi ilk əlavə qida püreləri daxil edilməyib.

Nəticələrə görə, Nova təsnifat sisteminə əsasən məhsulların 81 faizi ultraemal olunmuş qida kateqoriyasına aid edilib.

Məhsulların qida tərkibinin təhlili də bir sıra problemləri üzə çıxarıb. Belə ki, məhsulların:

  • 17 faizi şəkərin miqdarı üzrə ÜST tövsiyələrinə uyğun gəlməyib;
  • 25 faizində natriumun miqdarı normadan yüksək olub;
  • 11 faizi yağ tərkibinə görə müəyyən edilmiş standartları qarşılamayıb;
  • 12 faizində isə enerji sıxlığı ilə bağlı göstəricilər tələb olunan səviyyədən aşağı olub.

Uyğunsuzluqlar arasında paketlərdə satılan meyvə püreləri, yulaf batonçikləri, pendirli makaron, hinduşka çubuqları, həmçinin pendir və fıstıq tərkibli qəlyanaltılar da yer alıb. Mütəxəssislərin fikrincə, bəzi məhsullarda yüksək şəkər, natrium, yağ və ya kalori göstəriciləri əsas problem kimi önə çıxıb.

Tədqiqatın müəllifi Erin Hadson bildirib ki, bir çox valideyn uşaq və körpə qidası bölməsində satılan məhsulların avtomatik olaraq müəyyən qida standartlarına cavab verdiyini düşünür. Lakin araşdırmanın nəticələri bu qənaətin hər zaman doğru olmadığını göstərir.

Bununla belə, alimlər vurğulayırlar ki, məhsulun yağ və ya kalori göstəricisinin yüksək olması hər zaman onun keyfiyyətsiz olduğu anlamına gəlmir. Daha az emal olunmuş bəzi qidalar, məsələn, fıstıq və ya mal əti tərkibli məhsullar, təbii inqrediyentlər hesabına daha yüksək yağ və enerji göstəricilərinə malik ola bilər. Əsas narahatlıq isə ultraemal olunmuş məhsullarda qida dəyəri ilə müqayisədə şəkərin daha yüksək olmasıdır.

Tədqiqat yalnız mağazalarda satılan qablaşdırılmış məhsulları əhatə edib və valideynlərin uşaqları üçün evdə hansı qidaları hazırladığını nəzərə almayıb.

Araşdırma müəllifləri hesab edirlər ki, məhsulların üzərində xəbərdarlıq etiketlərinin tətbiqi valideynlərin daha düzgün seçim etməsinə kömək edə və istehsalçıları məhsulların tərkibini yenidən nəzərdən keçirməyə sövq edə bilər.

//Gülnarə Abasova, Editor.az