Livanda “Hizbullah” böhranı: Türkiyənin qarşısında yeni imkanlar açılır?backend

Livanda “Hizbullah” böhranı: Türkiyənin qarşısında yeni imkanlar açılır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusunun Livanın cənubunda “Hizbullah”a aid olduğu bildirilən mövqelərə artilleriya zərbələri endirməsi və yaşayış məntəqələrində keçirdiyi əməliyyatlar regionda onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdırıb. Yaranmış yeni reallıq fonunda İranın Livandakı əsas dayağı hesab olunan “Hizbullah”ın zəifləməsi ehtimalı ölkənin daxili siyasi balansı və regiondakı güc münasibətləri baxımından mühüm müzakirə mövzusuna çevrilib. Bu proses eyni zamanda Türkiyənin Livandakı mümkün rolunu və Ankaranın diplomatik, siyasi və iqtisadi nüfuzunu genişləndirmək imkanlarını da gündəmə gətirir. Türkiyənin Suriyada artan təsiri fonunda Livanda da sabitliyin təmin olunması prosesində daha fəal mövqe tutmasının mümkünlüyü regional siyasətin əsas suallarından biri olaraq qalır.

Politoloq Sədrəddin Soltanlı Editor.az-a açıqlamasında bildirib ki, Türkiyə ilə Livan münasibətləri soyuq müharibə illərində də mövcud olmayıb:

“Digər tərəfdən, Livanda ASALA kimi terror təşkilatının olması və bu təşkilatın türklərə qarşı terror törətməsi, habelə Livanda erməni lobbisinin, anti-türk mövqedə olan ermənilərin fəaliyyətinin geniş olması ölkələrarası münasibətlərə həmişə xələl gətirib.

Düzdür, Türkiyə Livanın ərazi bütövlüyünü və suverenliyini həmişə müdafiə edib. Türkiyə Livanın İsraillə münasibətlərində, xüsusən də “Hizbullah”-İsrail qarşıdurmasında daim Livanın ərazi bütövlüyünü müdafiə edib və bu tip hərbi qarşıdurmalara qarşı olub.

Digər tərəfdən, Livan daha çox İran və Fransanın nüfuz etdiyi ölkədir. Bu ölkələrin bir-birinə münasibəti fonunda İranın “Hizbullah”a yardımı, Fransanın isə hakimiyyətə, rəsmi hökumətə, rəsmi Livana və Beyruta yardım etməsi Türkiyənin bu ölkədə hansısa addım atmasına imkan vermir. Çünki Livan rəsmi hökuməti daha çox Fransa ilə işləyir, “Hizbullah” isə İranla işləyir və yaxud İranın ölkədəki proksi qüvvəsidir.

Odur ki, Türkiyənin ölkəyə dəvəti ilə bağlı hansısa çağırış yoxdur. Dəvət olmadığı təqdirdə Türkiyə Livanda bu qarşıdurmaların yatırılması, təhlükəsizliyin təmin edilməsi və s. baxımından yardım edə bilməz. Amma bununla belə, Türkiyə humanitar məsələlərlə bağlı bu ölkəyə yardım edir.

Suriya ilə Livanın məsələsi fərqlidir. Ona görə ki, birincisi, Suriya Türkiyənin sərhədidir, həmsərhəd ölkəsidir, qonşusudur. Suriyadan Türkiyənin ərazisi birbaşa təhdid olunurdu. Suriyada minlərlə türk, yəni türkmənlər var. Və Suriyanın ərazisində Türkiyənin ərazi bütövlüyünü və suverenliyini təhlükə altına alan PKK-nın qolları fəaliyyət göstərirdi.

Ona görə Türkiyə Suriyada, başqa səbəblərlə yanaşı, daha stabil bir rejimin yaranmasına, qonşuluq münasibətlərinə və dinc yanaşı yaşamağa üstünlük verən bir rejimin formalaşmasına tərəfdar idi. Və indiki Əhməd əş-Şəra hakimiyyətində bu məsələnin hələlik öhdəsindən gəlir”.

Onun sözlərinə görə, Suriyada yeganə problem olaraq qalan məsələ ölkənin şimalındakı kürd toplumudur:

“Onların PKK yönlü olduğu hesab edilən YPG və PYD-nin yaratdığı Suriya Demokratik Qüvvələridir. Bu qüvvələr hələ ki, Suriya hakimiyyətinin təklif etdiyi inteqrasiya planına qoşulmurlar, heç seçkilərdə də iştirak etmirlər. Amma perspektivdə bu məsələni Suriya hakimiyyəti beynəlxalq ictimaiyyətin yardımı ilə həll edəcək.

Amma Livandakı məsələlərə Türkiyənin müdaxiləsi və Türkiyənin orada fəaliyyəti məntiqsiz olar. Çünki çağırılmamış yerə getmirlər. Türkiyə Livandakı prosesləri, eləcə də Livanın regiondakı fəaliyyətini, ölkənin təhlükəsizliyini, yəni öz ölkəsinin — Türkiyənin təhlükəsizliyini və regionun təhlükəsizliyini nəzərə alaraq müşahidə edir və davamlı şəkildə münasibət bildirir”.

//Gülnarə Abasova, Editor.az