İranın “Xabaronline” qəzetinin dərc etdiyi məqalədə qeyd olunur ki, “Hörmüz boğazının bağlanması vacibdir, amma kifayət deyil. Neft bazarı yalnız real təchizat ətrafında fırlanmır, gözləntilərdən təsirlənir. Əgər fasilələr cəmi bir neçə gün, bir və ya iki həftə davam edərsə, bazar ehtiyatlar, alternativ yollar və psixoloji idarəetmə sayəsində şoku müəyyən dərəcədə udacaq”.

Musavat.com bildirir ki, Tehranda fəaliyyət göstərən nəşrin yazısında Azərbaycanın adı çəkilir. “2025-ci ildə Azərbaycandan İsrailə neft idxalı əvvəlki illə müqayisədə 31% artaraq gündə 94.000 barelə çatıb. Azərbaycan nefti İsrailin ümumi neft idxalının 46,4%-ni təşkil edir ki, bu da misli görünməmiş bir rəqəmdir. Sadə dillə desək, İsrailin idxal etdiyi neftin demək olar ki, hər ikinci barelindən biri Azərbaycandan gəlir.
Əgər bu marşrut pozularsa, bu, İsrailin neft emalı zavodlarına, daşınmasına, son qiymətlərə və təchizat təhlükəsizliyinə birbaşa təsir göstərəcək. Xəzər dənizinin bu baxımdan üstünlüyü ondan ibarətdir ki, Fars körfəzindən fərqli olaraq, o, birbaşa və yaxın ABŞ nəzarəti altında deyil. Marşrutların coğrafi məsafəsi, əməliyyat mürəkkəbliyi və çoxqatlı təbiəti o deməkdir ki, məhdud, lakin dəqiq hərəkətlər Hörmüz boğazının qısamüddətli blokadasından daha çox çəkindirici təsirə malik olacaq”.
Yazıda cəfəng fikirlərə yol verilərək, yenə də əsassız ittihamlar irəli sürülüb. Guya İsrailin İrana qarşı müharibədə Azərbaycan ərazisindən və kəşfiyyat infrastrukturundan istifadə edilib. Halbuki Tehran rəsmiləri dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisindən istifadə olunması faktı qeydə alınmayıb. Amma yenə də İran rejiminə bağlı media resursları boşboğazlığı davam etdirir.
Məqalədə deyilir ki, Türkiyəyə də ehtiyatla yanaşmaq lazımdır: “Xəzər dənizindən çıxarılan Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Ceyhana çatır, oradan tankerlərlə Aralıq dənizinə, daha sonra isə İsrail limanlarına daşınır”.

Nəşrdə deyilir ki, bu o deməkdir ki, İsrailin enerji təchizatı zənciri təkcə Fars körfəzindən deyil, həm də Qafqazdan və Türkiyədən asılıdır. “Bu baxımdan, Xəzər dənizindəki gərginlik məhdud və idarəolunan olarsa, Türkiyə, çox güman ki, siyasi etirazla kifayətlənəcək, çünki praktik müdaxilə baha başa gələcək və öz maraqlarını təhdid edəcək”, – deyə nəşr bildirir.
Belə çıxır ki, İran Azərbaycandan İsrailə neft tədarükünü dayandırmağı gözləyir. Bu absurd gözləntinin reallaşması isə mümkün deyil və Bakının Tehran qarşısında hər hansı öhdəliyi yoxdur. Sadəcə, İran rejimi İsraillə mübarizədə “neft təchizatı zəncirini” qırmağı öz aləmində hədəfləyir. Ona görə də məqalədə Türkiyənin də adı çəkilir. Ümumiyyətlə, xüsusən SEPAH-ın maliyyələşdirdiyi media resursları anti-Azərbaycan ritorikasını, böhtan xarakterli məlumatlar yaymağı dayandırmaq bilmir. Bu hibrid hücumlarla Azərbaycanı şərləyən SEPAH mediası düşmənçiliyindən əl çəkmir və Bakı ilə Tehran arasında rəsmi münasibətlərə, qonşuluq əlaqələrinə xələl gətirməyə davam edir.
Musavat.com

